"6-cı Zirvə Toplantısı mühüm hadisə kimi tarixə düşüb" -Millət vəkili

10:45 - 17 May 2025

\"6-cı Zirvə Toplantısı mühüm hadisə kimi tarixə düşüb\" -Millət vəkili

"Albaniyada keçirilən Avropa Siyasi Birliyinin 6-cı Zirvə Toplantısında Azərbaycanın iştirakı mühüm əhəmiyyət kəsb edib. Prezident İlham Əliyevin tədbir çərçivəsində keçirdiyi görüşlər və verdiyi bəyanatlar ölkəmizin regional və beynəlxalq siyasətdəki fəallığını bir daha nümayiş etdirdi".


Bu sözləri Manset.az-a açıqlamasında Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. 

O bildirib ki, Avropa Siyasi Birliyi platforması 2022-ci ildə, əsasən enerji böhranı fonunda yaradılıb:

"Zirvə görüşündə Avropa İttifaqına üzv ölkələrlə yanaşı Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Ukrayna və Moldova da təmsil olunmuşdu.

Platforma təhlükəsizlik, enerji, miqrasiya və iqtisadi əməkdaşlıq kimi aktual məsələlərin müzakirə olunduğu mühüm beynəlxalq forumlardan biridir. Bu dəfəki zirvə görüşündə də təhlükəsizlik məsələləri əsas mövzu kimi gündəmdə idi. Eyni zamanda miqrasiya problemləri və Avropa İttifaqı ilə tərəfdaş ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi də ön plana çıxıb".

Arzu Nağıyev qeyd edib ki, toplantı çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında ikitərəfli görüş də keçirilib:

"Bu platformada dövlət başçıları və baş nazirlərin iştirakı ilə aparılan müzakirələr regional sülh və əməkdaşlıq baxımından böyük önəm daşıyır.

Azərbaycan bu zirvədə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan, regionda sabitliyi qoruyan bir tərəfdaş kimi tanınıb. Bu da ölkəmizlə Avropa arasında gələcək siyasi və iqtisadi münasibətlərin inkişafı baxımından əhəmiyyətli bir addım hesab olunur.

Prezident İlham Əliyevin çıxışları və mövqeyi Azərbaycanın müstəqil siyasətinin, ərazi bütövlüyünün qorunması və xalqımızın rifahı naminə həyata keçirilən məqsədyönlü strategiyanın təzahürüdür.

Bir sözlə, Avropa Siyasi Birliyinin 6-cı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi baxımından mühüm bir hadisə kimi tarixə düşüb".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv