3-cü Dünya müharibəsi haradan başlayacaq? - Açıqlama

16:12 - 26 Noyabr 2025

3-cü Dünya müharibəsi haradan başlayacaq? - Açıqlama

Son dövrlərdə dünyanın məşhur münaqişə ocaqlarında müəyyən qədər stabillik müşahidə olunur. Bunun əsas səbəblərindən biri kimi Trampın təşəbbüslərini də qeyd edə bilərik. Lakin bununla yanaşı hələ də xarici mediada "Üçüncü dünya müharibəsi bu tarixdə başlayacaq" və s. bu tipli xəbər başlıqları görə bilirik.

Bu iddia yaxın dövrlərdə həqiqətən də real ola bilərmi? Əgər real olarsa, dünyanın hansı ərazisindən 3-cü dünya müharibəsinə start verilə bilər?

 

Politoloq Əziz Əlibəyli Manset.az-a açıqlamasında bildirib ki, Üçüncü dünya müharibəsi məsələsi çox vaxt dünya səviyyəsində böyük güclər arasında baş verəcək birbaşa hərbi toqquşma kimi təsəvvür edilir. Lakin əslində bu mövzu daha mürəkkəb bir geopolitik qarşıdurmanın nəticəsidir və bir çox digər faktorlarla əlaqədardır. Dünyanın iki ən vacib ölkəsi olan ABŞ və Çin arasındakı münasibətlər son illərdə çox gərginləşib və bu, beynəlxalq siyasətin əsas təmayüllərini müəyyən edən mühüm faktora çevrilib: 


“Əslində, 3-cü dünya müharibəsi məsələsi onun üzərindən götürülür ki, dünyanın iki vacib ölkəsi ABŞ və Çin bir-biri ilə münasibətləri tənzimləməlidirlər. Burada əsas məsələ Birləşmiş Ştatların cəhdi onunla bağlıdır ki, dünyanın başqa ölkələrindəki durumu yekunlaşdırmağı bacarmalıdır. Yekunda bütün güclərlə, qüvvələrlə Çinə qarşı səfərbər olmalıdır. Hətta Ukrayna prosesində də Rusiyanın qalib elan olunmasına çalışılmasının arxasında da həmin məqsəd dayanır. Əslində, Ukraynada Rusiyanın qalib gəlməsi o qədər də mümkün deyil. Amma ABŞ Rusiyanın tərəfini çəkmək üçün belə bir yola əl atır”.

Ə.Əlibəyli qeyd edib ki, Üçüncü dünya müharibəsinin başlaması dedikdə Çin-ABŞ qarşıdurması nəzərdə tutulur. Hələ ki təzahürlər proksi savaşlar ölçüsündə gedir, amma gələcəkdə daha yüksək şəkildə olacaq:

“Hazırda, bu cür gərginliklər daha çox "proksi savaşlar" şəklində davam edir. Yəni, ABŞ və Çin birbaşa toqquşmurlar, lakin onların nüfuz sahələrində baş verən münaqişələr və hərbi əməliyyatlar, öz maraqlarını qorumaq və qarşı tərəfi zəiflətmək məqsədi güdür. Bu münaqişələr, təkcə hərbi deyil, həm də diplomatik, iqtisadi və ideoloji sahələrdə baş verir. Məsələn, ticarət müharibələri, texnoloji yarış və beynəlxalq ittifaqlar qurmaq, hər iki tərəfin mübarizəsinin əsas vasitələridir”.

 

Fidan Vəlisoy 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az