Son illərdə cəmiyyətin müxtəlif təbəqələrində artan bir problem var: alış-veriş asılılığı. Alış-verişin həddindən artıq bir ehtiras halını alması, insanların maddi və emosional vəziyyətini ciddi şəkildə təsir edir. Bunun da insanların həyatına mənfi təsirləri və yaratdığı maliyyə çətinlikləri danılmazdır. Son dövrlərdə, xüsusilə, gənclər arasında bu vərdişin daha da yayılması, sosial mediada reklamlara və endirim kampaniyalarına qarşı həssaslığın artması ilə əlaqələndirilir. Alış-verişin həddindən artıq bir asılılığa çevrilməsi, sadəcə iqtisadi deyil, həm də psixoloji çətinliklərə yol açır.
Psixoloq Aytən Ələkbərova Manset.az-a açıqlamasında bildirib ki, psixologiyada bu, şopoqolizm adlanır. Ayrı-ayrı şəxslərdə bu pozuntunun yaranmasına səbəb onlarda serotonin hormonunun aşağı olmasıdır. Belə şəxslər xoşbəxt ola bilmədiklərinə görə, özlərinə “süni xoşbəxtlik”lər yaradaraq alış-verişə meyl edirlər:

“Psixologiyada insanın ehtiyacı olmayan əşyanı almaq istəməsinə şopamaniya deyilir. Bu pozuntudan əziyyət çəkən şəxslər çox sayda alış-veriş edir və bunları bir kənara qoyur, çox vaxt istifadə belə etmir və həmin aldıqlarının qədrini bilmir. Bu, bir çox vaxtlarda kliptomaniyaya çevrilə bilər. Çünki artıq bunun öhdəsindən gələ bilmədikdə, pulu idarə edə bilmədikdə artıq kliptomanlığa başlayırlar. Kliptomaniya da, şopamaniyanın özü də bir asılılıqdır, bir şəxsiyyət pozuntusudur. Bu şəxsiyyət pozuntusundan əziyyət çəkən şəxslər çox ciddi müalicələr almalıdır. Bəzən görürük ki, bu durum həmin şəxslərin ailəsinin dağılmasına belə gətirib çıxarır. Şəxsi təcrübəmdən çıxış edərək deyə bilərəm ki, Azərbaycanda bu pozuntudan əziyyət çəkənlər adətən 40-45 yaşlarında şəxslər olur. Bəzən onların özləri deyil, valideynləri bizə müraciət edir. Halbuki onlar özləri də bir valideyndir. Lakin öz narahatlıqlarının fərqində olmadıqları üçün onların yaşlı valideynləri məcbur olur ki, onların yerinə əziyyət çəkib bizə üz tuturlar”.
Psixoloqun sözlərinə görə, bu cür insanlar vaxtında psixoloq tərəfindən düzgün yönləndirilməlidir ki, daha böyük fəsadlar ortaya çıxmasın, ağırlaşma baş verməsin:
“Bu gün həmin şəxslər bu pozuntunu qəbul etməyə bilər, ağlaya-sızlaya bilər, psixoloqa getmək istəməyə bilər. Amma həmin şəxslərin yaxınları bilməlidir ki, bu şəxs şüurlu formada düşünüb qərar verə bilmir və özünün-özünə kömək etməsi isə demək olar ki, mümkün deyil. Müalicənin gecikdirilməsi sadəcə pozuntunu daha da ağırlaşdıra və pasiyentin artıq psixiatrik müalicəyə möhtac olmasına gətirib çıxara bilər”.
Fidan Vəlisoy