Son günlər dünyada baş verən geosiyasi gərginliklər, enerji bazarındakı dalğalanmalar və qlobal ticarət zəncirlərində yaranan qeyri-müəyyənlik iqtisadiyyatda yeni bir mərhələnin başladığını göstərir. ABŞ-İsrail-İran münaqişəsi və Rusiya-Ukrayna müharibəsi beynəlxalq ticarət, enerji təchizatı və maliyyə bazarları üzərində ciddi təzyiqlər yaradır. Bu münaqişələr həm regional, həm də qlobal iqtisadi mühitdə ciddi qeyri-müəyyənliklərə səbəb olmaqla yanaşı, bir çox ölkənin iqtisadi inkişafını zəiflədir və inflyasiya, enerji qiymətləri, ərzaq təchizatı kimi məsələləri gündəmə gətirir. ABŞ və İsrailin İran üzərindəki sanksiyaları, Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli enerji böhranı, xüsusilə Avropa bazarları üzərindəki təsirlər, dünya iqtisadiyyatının dayanıqlılığını test edir. Münaqişələrin davam etdiyi bir dövrdə qlobal iqtisadiyyatın necə formalaşacağı, risklərin idarə edilməsi və gələcək inkişafın hansı istiqamətləri izləyəcəyi böyük bir sual olaraq qalır. Bəs bütün bu baş verənlər Azərbaycan iqtisadiyyatına necə təsir edir?
Qlobal iqtisadi qeyri-müəyyənliklərin və enerji bazarlarında dalğalanmaların gücləndiyi şəraitdə Azərbaycan iqtisadiyyatında 2026-cı ilin birinci rübü ÜDM-də cüzi – 0,3 % azalma qeydə alınsa da, bu dinamika daha çox qlobal enerji bazarlarında qiymət dəyişkənliyi və əsasən, neft hasilatının 3,4 % azalması hesabına baş verib. Mövcud makroiqtisadi şərait fonunda, cari ilin I rübündə qeyri-neft-qaz sektorunda ÜDM-in artım tempi davam etmiş, iqtisadi fəallığın əsasən daxili tələbin genişlənməsi, investisiya axınlarının sabitliyi, xidmət sektorunun dinamik inkişafı, sənayedə yüksək artım templəri hesabına formalaşdığı müşahidə olunub.
İqtisad elmləri doktoru, professor Zahid Məmmədov Manset.az-a açıqlamasında bildirib ki, dünyada baş verən qeyri-sabitliyi ölkə iqtisadiyyatına ciddi mənfi təsiri proqnozlaşdırılmasa da, Azərbaycanın da bu mövzuda xüsusi diqqət etməli olduğu məqamlar var:

“Dünyadakı hazırki qeyri-sabitlik əsas olaraq hələ ki davam edən ABŞ-İsrail-İran münaqişəsidir və əlbəttə, Rusiya-Ukrayna münaqişəsi də davam edir. Azərbaycan iqtisadiyyatı böyük ölçüdə neft-qaz ixracına bağlıdır. Neft qiymətləri artırsa, bu, büdcə gəlirlərimizi artırır və tədiyyə balansımızı yaxşılaşdırır. Qiymətlərin azalması mümkün deyil, əlbəttə, qiymətlər azalarsa, iqtisadi artıma, fiskal risklərə təsir edər”.
Professor qeyd edib ki, ilk növbədə, Azərbaycan iqtisadiyyatının qarşısında dayanan əsas məqsədlərdən biri xammal asılılığı problemini həll etmək olmalıdır:
“Biz elə etməliyik ki, bunun qarşılığında alternativ idxaldan asılı olan mal və xidmətləri ölkə daxilində istehsal edək. Əlbəttə, enerji qiymətlərinin qalxması milli pul vahidinin güclənməsinə müsbət təsir edir. Qlobal tələb azalırsa, Azərbaycanın tərəfdaş olduğu ölkələrdə tələbin düşməsi görülmür. Bizi narahat edən ən böyük problem isə ərzaq məsələsidir. Dəfələrlə mən bildirmişəm, ərzaq təhlükəsizliyinə önəm vermənin vaxtı gəlib çatıb. Ərzaqdan asılılığı sıfıra endirmək mütləqdir. Ərzaqla bağlı bütün ehtiyacı Azərbaycan özü qarşılamalıdır. Son hadisələr də bunu göstərdi. İranda baş verən kiçik hadisələr orada ərzaq məhsullarının qiymətinə təsir etdi. Azərbaycanda da ərzaq asılılığının qarşısının alınması üçün vaxtilə verilmiş torpaqlara yenidən baxılmalıdır. Bu torpaqlar necə istifadə olunur? Təyinatına uyğun olaraq istifadə edilirmi? Torpaqların təyinatına uyğun istifadə edilməməsi ərzaq təhlükəsizliyinin təminatına təhlükə yaradır. Biz bun imkan verməməliyik. Torpaq qiymət artımı, kapital üçün istifadə edilməli deyil. Torpaq məhsul istehsalı üçündür. Əgər bu baş tutmursa, torpaq qaytarılmalıdır. Dünyanın ən böyük problemi neft və qazdır. Allah bizə bunu verib. Bunun qarşısında ərzaq problemi nədir ki, biz onu həll edə bilməyək. Sadəcə torpaqlardan yararlı istifadə etməyin zamanı gəlib çatıb”.
Fidan Vəlisoy