Hantavirus planlı şəkildə yayılıb? - DETALLAR

14:15 - 14 May 2026

Hantavirus planlı şəkildə yayılıb? - DETALLAR

Son günlərdə dünya gündəmini müxtəlif virusların sürətlə yayılması xəbərləri zəbt edib. Əsas yeri hantavirus tutsa da, bir neçə gündür müxtəlif ərazilərdə və müxtəlif adlarda virusların ortaya çıxdığı, bu səbəblə yüzlərlə insanın karantinə götürüldüyü dünya ictimaiyyətinə çatdırılır. Eyni dövrdə sürətlə yayılan bu xəstəliklər dünya əhalisi tərəfindən heç də birmənalı qarşılanmır. Bəziləri düşünür ki, birdən-birə belə virusların yayılması dünyada baş verən hazırki siyasi proseslərlə bağlıdır və sözügedən viruslar planlı şəkildə yayılır. 

Bəs bunun həqiqət payı ola bilərmi? Siyasi proseslərin axarını dəyişmək üçün belə addımın atılması real görünürmü?

 

Mövzu ilə bağlı sualları politoloq Turan Rzayev Manset.az-a açıqlamasında cavablandırıb. O bildirib ki, hər virusu, onun yaratdığı epidemiya və pandemiyanı birbaşa siyasi layihə kimi təqdim etmək düzgün deyil. Virusların yayılması təbiətin, qlobal hərəkətliliyin və iqlim dəyişikliklərinin nəticəsi ola bilər. Əslində,  baxdıqda hər dövrdə bu və buna bənzər viruslara, epidemiya və pandemiya hallarına rast gəlindiyini görmək olar:


“Həqiqətən də, son günlər dünyada müxtəlif virusların yayılması ilə bağlı xəbərlər ard-arda tirajlanır. Xüsusilə, hantavirus və Fransada gündəmə gətirilən norovirus məsələsi haqlı olaraq cəmiyyətdə ciddi narahatlıq yaradıb. Paralel olaraq dünyada geosiyasi gərginliyin artması, yeni müharibə risklərinin yaranması, iqtisadi bloklaşmanın sürətlənməsi bu virusların bəzi dairələr tərəfindən məqsədyönlü şəkildə yayıldığına dair fikirlər yaradıb.

Məsələ ondadır ki, dünya əvvəlki kimi qapalı deyil. İnsanlar artıq müəyyən bir coğrafiyada, qitədə və ya ölkədə yaşamır, planet səviyyəsində tez-tez yer dəyişirlər. Bu da öz növbəsində bir qitəyə xas olan virus və ya bakteriyanın başqa qitədəki insanlara daha rahat keçməsinə səbəb olur. Misal üçün böyük coğrafi kəşflər dövründə portuqaliyalı, ispan, fransız və ingilis səyyahları və onların heyətləri Amerikanı kəşf edib yerli sakinlərlə təmas qurduqdan sonra həmin insanlar kütləvi şəkildə xəstələnməyə və həlak olmağa başladılar. Çünki avropalılar qitəyə gələnə qədər yerli sakinlər sarılıq, vərəm, taun və vəba kimi xəstəliklərlə üzləşməmişdilər. Beləliklə, avropalılardan fərqli olaraq qitənin yerli sakinləri elə ilk təmasdan həyatlarını itirməyə başladılar. İndi isə texnologiya və nəqliyyat sistemləri çox inkişaf edib. Ona görə də yeni virusların yayılması, insanların həlak olması və ya hər hansı virusun pandemiya yaratma ehtimalı daha yüksək olur”.

Politoloq qeyd edib ki, bu gün dünyanın böyük güclərinin bioloji təhlükəsizlik və genetik araşdırmalar sahəsində qapalı layihələr həyata keçirdiyi sirr deyil:

“Hazırda sosial şəbəkələrin və media resurslarının daha əlçatan olması, informasiya selinin artması viruslardan daha ciddi problemlər yaradır. Misal üçün hazırda bir çox insanın narahatlıq yaşadığı hantavirus haqqında xəbərlər tirajlansa da, bu virusdan 1998-ci ildə yayımlanan “X-Fayllar: Gələcəklə Mübarizə” filmində bəhs olunurdu. Yəni əslində 28 il əvvəlki filmdə belə bu haqda məlumat var idi. O vaxt heç kimin diqqət etmədiyi bir virus bu gün insanlarda təşviş yaradır. Buna görə də virus xəbərlərinin informasiya müstəvisində necə təqdim olunması ən az virusun özü qədər önəmlidir.

Lakin məsələnin digər tərəfi də var. Tarix göstərir ki, epidemiyalar və təhlükə mühiti siyasi məqsədlər üçün dəfələrlə istifadə olunub. Tarixə baxsaq görərik ki, böyük böhranlar həmişə siyasi nizamı dəyişib. Misal üçün orta əsrlərdə Avropanın az qala dörddəbirini məhv edən qara vəba xəstəliyi bütöv iqtisadi sistemi dağıtdı və feodal münasibətlərinin zəifləməsinə səbəb oldu. Hətta müəyyən mənada Osmanlının Avropada sürətlə irəliləməsinin səbəblərindən biri də məhz bu faktor idi.

Birinci Dünya müharibəsinin sonlarında yayılan “İspan qripi” isə milyonlarla insanın ölümünə gətirib çıxardı və dövlətlərin idarəetmə modelini dəyişdirdi. Əslində dövlətlərin bioloji təhlükəsizlik və genetik araşdırmalar sahəsində fəaliyyətləri də məhz bundan sonra daha da sürətləndi. Soyuq müharibə dövründə isə bioloji silah proqramları həm ABŞ-də, həm də SSRİ-də mövcud idi. Məhz buna görə cəmiyyətlər artıq virus məsələsinə yalnız səhiyyə problemi kimi baxmır. İnsanlar anlayırlar ki, pandemiyalar həm də siyasi və iqtisadi nəticələr yaradır. COVID-19 bunu açıq şəkildə göstərdi. Dövlətlər sərhədləri bağladı, iqtisadiyyatlar çökdü, nəzarət mexanizmləri sərtləşdi, rəqəmsal izləmə sistemləri genişləndi və qlobal güc balansı dəyişməyə başladı. Misal üçün pandemiyadan əvvəl həyatımızda plastik kartlar və onlayn ticarət elə də xüsusi yer tutmurdusa, indi həyatımızın ayrılmaz hissəsinə çevrilib”.

Turan Rzayev bu mövzuda digər vacib məqamın isə qorxu faktorunu vurğulayıb. O deyib ki, müasir dünyada dövlətlər və böyük güclər üçün ən təsirli idarəetmə alətlərindən biri qorxudur. Terror təhlükəsi, müharibə təhlükəsi, iqtisadi böhran təhlükəsi və epidemiya təhlükəsi cəmiyyətləri daha asan yönləndirməyə imkan verir: “İnsan qorxduğu zaman daha sərt qərarları qəbul edir, azadlıqların məhdudlaşdırılmasına daha az reaksiya verir və diqqətini əsas siyasi problemlərdən yayındırır.

Bütün bunlara baxmayaraq hər virusu “siyasi layihə” adlandırmaq cəmiyyətləri reallıq hissindən uzaqlaşdırır. Bu yanaşma nəticədə həm səhiyyə sisteminə etimadı dağıdır, həm də real təhlükələrin ciddiyə alınmamasına səbəb olur. Məsələyə daha soyuqqanlı yanaşmaq lazımdır. Viruslar realdır, lakin onların yaratdığı qorxu mühiti və informasiya dalğası siyasi məqsədlər üçün istifadə oluna bilər”, - deyə politoloq fikirlərinə əlavə edib.

 

Fidan Vəlisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az