İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın görüşü olub.
Manset.az xəbər verir ki, dövlət başçıları söhbət zamanı Azərbaycanla İranın dost, qonşu, qardaş ölkələr olduqlarını vurğulayaraq, ölkələrimiz arasında mədəni, etiqad, ənənələr, etnik baxımdan qohumluq və qardaşlıq əlaqələrinin mövcudluğunu qeyd ediblər.
Dövlətimizin başçısı dəvəti qəbul edərək İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakına görə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təşəkkürünü bildirib, onun bu səfərinin və keçirilən görüşün Azərbaycan-İran ikitərəfli əlaqələrinin, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından əhəmiyyətli olduğunu deyib.
Məsud Pezeşkianın bu ilin aprelində ölkəmizə rəsmi səfərinin ikitərəfli əlaqələrimizdə yeni səhifə açdığını vurğulayan Prezident İlham Əliyev həmin səfər zamanı müzakirə olunan mövzuların həyata keçirilməsi üçün hökumətlərarası komissiyanın rəhbərləri və aidiyyəti dövlət qurumları tərəfindən ardıcıl surətdə işlərin aparıldığını qeyd edib.
Dövlətimizin başçısı İsraillə İran arasında qarşıdurmanın baş verməsindən dərhal sonra İrana qarşı olan bu hərəkətlərin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən qınanıldığını bildirib. Prezident İlham Əliyev bu qarşıdurmada İranın rəsmi və mülki şəxslərinin həlak olması ilə əlaqədar bir daha Azərbaycan tərəfinin İran xalqına başsağlığını çatdırıb, Azərbaycan dövlətinin və xalqının İran dövləti və xalqı ilə həmrəyliyini, dəstəyini ifadə edib. Dövlətimizin başçısı Azərbaycanın həmişə haqq-ədalətin tərəfdarı olduğunu vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, müsəlman ölkələri, o cümlədən qonşu dövlətlər ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biridir.
İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Azərbaycanda, Xankəndi şəhərində təşkil edilməsini və gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün ölkəmizdə keçiriləcəyini vurğulayan dövlətimizin başçısı bütün bunları İslam dünyası tərəfindən ölkəmizə olan etimadın və hörmətin növbəti nümunəsi kimi qiymətləndirib.
İran İslam Respublikasının prezidenti də İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.
Azərbaycana rəsmi səfərini və keçirilmiş görüşləri məmnunluqla xatırlayan Məsud Pezeşkian səfərin nəticəsi olaraq Azərbaycan-İran əlaqələrində yeni səhifənin açıldığını vurğulayıb, bu xüsusda, artıq Bakı ilə Tehran, Bakı ilə Təbriz arasında təyyarə reyslərinin artırılmasını, Ağbənd-Kəlalə avtomobil yolu körpüsünün tikintisi istiqamətində işlərin aparılmasını qeyd edib və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunub.
İran prezidenti İsraillə baş vermiş qarşıdurma zamanı Azərbaycanın göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə, həmçinin ECO çərçivəsində əlaqələrin genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.
***
16:53
Bu dəqiqələrdə Xankəndidə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkianın görüşü keçirilir.
Manset.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.