Azərbaycan-İtaliya tərəfdaşlığı - Regionlararası münasibətlərə nümunə

15:00 - 02 Oktyabr 2025

Azərbaycan-İtaliya tərəfdaşlığı - Regionlararası münasibətlərə nümunə

"Azərbaycan ilə İtaliya arasındakı strateji tərəfdaşlıq siyasi, iqtisadi, enerji, təhsil və humanitar sahələrdə uğurla inkişaf edir. İki ölkə arasındakı münasibətlər yalnız rəsmi sənədlərdə deyil, real layihələr və birgə təşəbbüslərdə də öz təsdiqini tapır. Azərbaycan-İtaliya strateji tərəfdaşlıq əlaqələri regionlararası münasibətlər üçün nümunəvi modeldir".


Bu sözləri   Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib. O, Qeyd edib ki, 2025-ci il sentyabrın 30-da İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi:

"Azərbaycan və İtaliya əsl strateji tərəfdaşlardır və iki ölkə arasında əlaqələr çox uğurla inkişaf edir. İtaliya Prezidentinin Azərbaycana ikinci dəfə rəsmi səfər etməsi münasibətlərin davamlı xarakter daşıdığını göstərir. Azərbaycanla İtaliya arasında 2015-ci ildə imzalanan Strateji Tərəfdaşlıq haqqında sənəd və 5 il əvvəl qəbul edilən Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəm hüquqi bazasını təşkil edir. Azərbaycan ilə İtaliya arasında siyasi əlaqələr ən yüksək səviyyədədir".

Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın əsas istiqamətlərindən biri energetika sahəsidir:

"İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır, xüsusilə enerji sahəsində geniş layihələr uğurla həyata keçirilir. 2020-ci ildən başlayaraq TAP vasitəsilə Azərbaycan qazı İtaliyaya ixrac olunur. Hazırda Azərbaycan qazı 14 ölkəyə ixrac edilir və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci, qazı isə ikinci yerdə qərarlaşıb.

İtaliya Prezidentinin Azərbaycana səfəri çərçivəsində ən mühüm hadisələrdən biri İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı oldu. İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığı daha da gücləndirəcək. Universitetin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb. Hazırda universitetdə 640 tələbə və magisrt təhsil alır, proqramlar mühəndislik, memarlıq, kənd təsərrüfatı, qida texnologiyaları, dizayn və menecment ixtisaslarını əhatə edir. Tədris prosesində həm müasir laboratoriyalar, həm də İtaliya təcrübəsi tətbiq olunur. İtaliya-Azərbaycan Universitetində təhsil alan və alacaq tələbələr təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər. Bu, bizim dostluğumuzu daha da gücləndirəcək".

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az