"Türk Dövlətləri Təşkilatı artıq sadəcə tarixi-mədəni
bağlılığın ifadəsi deyil, XXI əsrin geosiyasi reallıqlarında müstəqil qərar verən,
öz gələcəyini özü müəyyən edən dövlətlərin strateji platformasıdır. Bu qurum
Türk dünyasının əsrlərlə formalaşmış mənəvi, mədəni və siyasi irsinin müasir
beynəlxalq sistemdə praktik gücə çevrilməsinin təzahürüdür".
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib. O, qeyd edib ki, bu gün dünya təkqütblü sistemdən uzaqlaşır, regional aktorların rolu artır.:
"Bu şəraitdə Türk Dövlətləri Təşkilatı Avrasiya
məkanında sabitlik, ədalət və əməkdaşlıq dayağı kimi yüksəlir. Türk dövlətləri
birləşərək yalnız öz milli maraqlarını deyil, həm də regional və qlobal təhlükəsizliyə
töhfə verən ədalətli beynəlxalq münasibətlər modelini formalaşdırırlar. Türk
Dövlətləri Təşkilatının Qəbələdə keçirilən XII Zirvə Görüşü bu baxımdan tarixi
hadisədir, çünki bu görüş Türk dünyasının gələcək siyasi, iqtisadi və təhlükəsizlik
arxitekturasının istiqamətini müəyyən edəcək.
Azərbaycanın bu təşkilatdakı rolu artıq sadəcə “üzv
ölkə” anlayışını çoxdan aşıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin
uzaqgörən liderliyi ilə Azərbaycan Türk birliyinin lokomotivi, ideoloji və
strateji xəttinin müəllifidir. Ölkə başçımızın “Bizim ailəmiz Türk dünyasıdır”
fikri sadəcə bir bəyanat deyil, Azərbaycanın xarici siyasət fəlsəfəsini və
milli kimliyinin beynəlxalq təzahürünü əks etdirir. Məhz ölkə başçımızın təşəbbüsləri
nəticəsində TDT formal birlikdən çıxaraq dünya siyasətində hesablaşılacaq
aktora çevrilib. Azərbaycanın ev sahibliyi etdiyi Zirvə təkcə diplomatik hadisə
deyil, liderliyin və etimadın rəsmi təsdiqidir. Qırğızıstandan TDT sədrlik
missiyasının Azərbaycana keçməsi bu inamın siyasi ifadəsidir".
Millət vəkili diqqətə çatdırıb ki, təşkilatın bu dəfəki mövzusu “Regional sülh və təhlükəsizlik” zamanın tələbidir:
"Türk dövlətləri yalnız iqtisadi müstəvidə deyil, təhlükəsizlik və müdafiə siyasətində
də koordinasiyalı fəaliyyət istiqamətində irəliləyirlər. Gələcəkdə bu təşkilat
çərçivəsində birgə hərbi təlimlər, kibertəhlükəsizlik əməkdaşlığı, müdafiə sənayesi
sinerjisi kimi təşəbbüslərin reallaşması labüddür. Bu, yalnız Türk dünyasının
müdafiə mexanizmi deyil, həm də regionda müstəqil təhlükəsizlik arxitekturasının
qurulması istiqamətində tarixi addımdır.
TDT-nin iqtisadi potensialı da sürətlə genişlənir.
Enerji, logistika, nəqliyyat, kənd təsərrüfatı və texnologiya kimi sahələrdə
qarşılıqlı asılılıq, Türk iqtisadi məkanının vahid bazara çevrilməsi üçün zəmin
yaradır. Xüsusilə Şimal–Cənub və Şərq–Qərb dəhlizlərinin kəsişdiyi Azərbaycan
bu inteqrasiyanın nəqliyyat və enerji qovşağı kimi strateji mövqeyə malikdir.
Azərbaycanın azad edilmiş ərazilərində qardaş ölkələrin iştirakı ilə icra edilən
bərpa və quruculuq layihələri həm iqtisadi həmrəyliyin, həm də Türk dünyasının
bir ailə kimi davranmasının real sübutudur".
Deputat qeyd edib ki, TDT-nin yalnız iqtisadi və siyasi deyil, həm də mədəni və ideoloji dayaqları güclənir:
"Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY
və digər institutlar vasitəsilə türk mədəni kodları müasir dünyada qlobal brendə
çevrilir. Bu, “yumşaq güc”ün ən effektiv formasıdır, çünki mədəni kimlik üzərində
qurulan siyasi birlik daima dayanıqlı olur.
Təşkilatın inkişaf xətti göstərir ki, bu birlik XXI
əsrin Türk əsri olmasının əsasını qoyur. Bu təşkilat vahid strateji düşüncə,
qarşılıqlı etimad və milli suverenliklərə hörmət əsasında formalaşır. Azərbaycan
Prezidenti cənab İlham Əliyevin iradəsi və siyasi vizyonu nəticəsində Azərbaycan,
Türkiyə və Orta Asiya dövlətləri bu gün beynəlxalq münasibətlərdə ədalət və bərabərliyə
əsaslanan yeni bir geosiyasi model yaradırlar. Dünya artıq görür ki, Türk dövlətləri
birləşəndə onların səsi təkcə regionda deyil, qlobal səviyyədə də eşidilir. Bu,
nə təkcə tarixi borcdur, nə də nostalji ideya, bu, bəşəri ədalət və sabitliyə
yönəlmiş müasir siyasi reallıqdır.
Türk Dövlətləri Təşkilatının uğurları bir daha
sübut edir ki, milli kimliyə əsaslanan əməkdaşlıq qlobal dəyərlərlə ziddiyyət təşkil
etmir, əksinə, onları daha ədalətli əsasda tamamlayır. Azərbaycan Prezidenti cənab
İlham Əliyevin təşəbbüsləri ilə Türk Dövlətləri Təşkilatı bu gün regional
sabitliyin, iqtisadi inteqrasiyanın və mədəni həmrəyliyin əsas dayağına
çevrilib. Türk Dövlətləri Təşkilatı dünənin, bu günün və gələcəyin təşkilatıdır,
birliyə əsaslanan güc, ədalətə əsaslanan siyasət və mədəniyyətə əsaslanan
kimlik modelidir".