"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Misir Ərəb Respublikasına səfəri və Yaxın Şərq Sülh Sammitində iştirakı ölkəmizin beynəlxalq siyasətdə getdikcə daha təsirli və balanslı oyunçuya çevrildiyini göstərən mühüm hadisədir. Bu səfər Azərbaycanın regional və qlobal diplomatiyada nüfuzunun artdığını, sülh və əməkdaşlıq prinsiplərinə sadiq qaldığını nümayiş etdirir. Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitinə qatılması Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul olunduğunun bariz göstəricisidir".
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
O diqqətə çatdırıb ki, Yaxın Şərq kimi mürəkkəb və gərgin regionda belə bir sammitdə iştirak etmək Azərbaycanın neytral, etimad doğuran və dialoqa açıq dövlət imicini daha da gücləndirir:
"Bu həm də Prezident
İlham Əliyevin qlobal miqyasda sülhün bərqərar olması istiqamətində təqdim
etdiyi realist, praqmatik və balanslaşdırılmış xarici siyasətin nəticəsidir. Azərbaycan
son illərdə Qərb və İslam dünyası arasında körpü rolunu oynayaraq beynəlxalq
münasibətlərdə nadir tarazlıq nümunəsi yaradıb.
Sülh Sammitində
iştirak həm də Azərbaycanın praktiki sülh təcrübəsinin beynəlxalq səviyyədə
tanındığını göstərir. 44 günlük Vətən müharibəsindən sonra regionda sülh və əməkdaşlıq
gündəliyini irəli sürən ölkə kimi Azərbaycan münaqişələrin beynəlxalq hüquq çərçivəsində
həllinin mümkünlüyünü sübut edib. Bu baxımdan Prezident İlham Əliyevin sammitdə
iştirakı onun sülhün qurulmasında təcrübəsinin və siyasi iradəsinin dünya
ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini göstərir.
Misir səfəri həm də
enerji və iqtisadi diplomatiya baxımından strateji əhəmiyyət daşıyır. Qlobal
enerji bazarlarında dəyişikliklərin müşahidə olunduğu bir dövrdə Azərbaycan öz
enerji siyasətini həm Avropa, həm də Yaxın Şərq istiqamətində genişləndirir.
Misirlə dialoqun güclənməsi gələcəkdə enerji, logistika, ticarət və texnologiya
sahələrində yeni əməkdaşlıq imkanları yaradacaq. Bu isə Azərbaycanın Cənub Qaz
Dəhlizi kimi regional layihələrinin əhatə dairəsini daha da genişləndirəcək və
ölkəmizin iqtisadi maraqlarını möhkəmləndirəcək".
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin bu səfəri Azərbaycanın xarici siyasətinin çoxvektorlu və müstəqil xarakterini bir daha nümayiş etdirir:
"Bakı həm Qərblə, həm də İslam dünyası ilə
əməkdaşlıq etməyi bacaran, qarşıdurmadan çox dialoqa üstünlük verən bir dövlət
kimi tanınır. Bu siyasət milli maraqlara əsaslanır və qarşılıqlı hörmət, bərabər
tərəfdaşlıq prinsiplərinə söykənir.
Nəticə etibarilə,
Prezident İlham Əliyevin Misir səfəri və Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın
beynəlxalq nüfuzunu daha da artıran hadisədir. Bu addım ölkəmizin qlobal sülh təşəbbüslərinin
fəal iştirakçısı kimi qəbul edilməsinə, beynəlxalq arenada etibarlı və məsuliyyətli
tərəfdaş imicinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan artıq təkcə regional
deyil, həm də qlobal miqyasda səsi eşidilən, sülh, sabitlik və əməkdaşlıq
ideyalarının daşıyıcısı olan bir dövlətə çevrilib. Prezident İlham Əliyevin Misir
səfəri məhz həmin strateji mövqenin daha da güclənməsinə xidmət edən uğurlu
diplomatik addım kimi tarixə düşəcək".