"2025-ci il oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxışı və mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir".
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib. O, qeyd edib ki,Prezident İlham Əliyev Qazaxıstanın sürətli inkişafı və güclənməsi, modernləşmə siyasətinin müasir texnologiyalar və süni intellekt istiqamətində həyata keçirilməsi, Kasım-Jomart Tokayevin rəhbərliyi ilə ölkədə baş verən dinamik müsbət dəyişikliklər Azərbaycanın da böyük məmnuniyyətlə izlədiyi bir proses kimi qiymətləndirdi:
"Qazaxıstan bu gün təkcə iqtisadi baxımdan deyil, həm də beynəlxalq miqyasda
etibarlı tərəfdaş kimi tanınır və bu, Prezident İlham Əliyevin sözlərində də
aydın şəkildə ifadə olundu.
Azərbaycanla Qazaxıstan arasında münasibətlərin
dostluq və qardaşlıq ruhunda inkişaf etməsi, qarşılıqlı etimad və dəstəyin hər
zaman hiss edilməsi Prezident İlham Əliyevin çıxışının əsas xəttini təşkil etdi.
Qazaxıstan Azərbaycanın ən ağır dövrlərində, xüsusilə torpaqlar işğal altında
olarkən, həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində
Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstək göstərib. Bu
fakt bir daha sübut edir ki, iki xalqı birləşdirən bağlar sırf diplomatik
deyil, dərin tarixi və mədəni köklərə əsaslanır".
Millət vəkili diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması təkcə imzalanmış sənəd deyil, həm də praktik addımlarla təsdiq olunan reallıqdır:
"Azərbaycanın
tranzit məhdudiyyətlərini aradan qaldırması və Qazaxıstanın Ermənistana taxıl
yükü göndərməsi bu sülhün praktik göstəricisidir. Bu hadisə, eyni zamanda,
regionda uzun illər davam edən gərginliyin iqtisadi və siyasi inteqrasiya ilə əvəzlənməsi
üçün mühüm addımdır.
Azərbaycanla Qazaxıstan arasında münasibətlərin təməlində
xalqların mənəvi və mədəni ortaqlığı dayanır. Son illər qarşılıqlı səfərlərin
intensivləşməsi, sahə nazirliklərinin koordinasiyalı fəaliyyəti, əldə edilən nəticələrin
konkret layihələrə çevrilməsi bu münasibətlərin praktik və səmərəli xarakter
daşıdığını göstərir. Azərbaycan və Qazaxıstan dövlət başçıları səviyyəsində
bütün proseslər daim nəzarət altındadır və bu, tərəfdaşlığın davamlılığını təmin
edir.
Regional səviyyədə Cənubi Qafqaz və Mərkəzi
Asiyanın bir-birinə daha sıx bağlanması, Avrasiya məkanında vahid iqtisadi və nəqliyyat
sisteminin formalaşması iki ölkə üçün böyük strateji əhəmiyyət daşıyır. Yeni nəqliyyat
yollarının açılması, Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələrin
reallaşdırılması regionu qlobal logistika xəritəsində mühüm mərkəzə çevirəcək. Prezident
İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Azərbaycanın ərazisində avtomobil və
dəmir yolu əlaqələrinin gələn ilin ortalarında tamamlanması planlaşdırılır və
bu, 2028-ci ilin sonuna qədər Zəngəzur dəhlizinin tam fəaliyyətə başlaması demək
ola bilər".
Deputat qeyd edib ki, Azərbaycan və Qazaxıstan beynəlxalq platformalarda da daim bir-birinə dəstək verir:
"BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri
Təşkilatı və digər qurumlarda vahid mövqedən çıxış edən iki ölkə regional
sabitlik və əməkdaşlığın qorunması üçün mühüm rol oynayır. Gələn il Bakıda
keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının və Asiyada Qarşılıqlı Fəaliyyət və
Etimad Tədbirləri Müşavirəsinin Sammitlərinə Qazaxıstanın fəxri qonaq kimi dəvət
olunması bu yaxınlığın bariz nümunəsidir.
Dövlət başçısı Qarabağın bərpasında Qazaxıstanın dəstəyini
xüsusi minnətdarlıqla qeyd etdi. Füzulidə açılmış Kurmanqazı adına Uşaq
Yaradıcılıq Mərkəzi təkcə təhsil və inkişaf məkanı deyil, həm də iki xalq
arasında qardaşlıq və dostluğun rəmzidir. Bu, Azərbaycanın “Böyük Qayıdış”
proqramı çərçivəsində həyata keçirilən genişmiqyaslı bərpa işlərinə
Qazaxıstanın töhfəsidir.
Azərbaycanla Qazaxıstan arasında iqtisadi-ticari əlaqələrin
genişlənməsi, Birgə İnvestisiya Fondunun yaradılması və artıq bir neçə layihənin
icra mərhələsinə daxil olması əlaqələrin davamlı iqtisadi əsaslara söykəndiyini
təsdiqləyir. Əmtəə dövriyyəsinin artması, nəqliyyat və enerji sahəsində əməkdaşlığın
dərinləşməsi, Xəzər dənizinin dibi ilə elektrik kabeli layihəsinin icrası kimi
təşəbbüslər iki ölkənin regional enerji və logistika mərkəzi kimi rolunu daha
da gücləndirir.
İki ölkə arasında mədəni və humanitar sahədə əməkdaşlığın
genişlənməsi, qarşılıqlı mədəniyyət günlərinin mütəmadi keçirilməsi xalqlar
arasında mənəvi bağların daha da möhkəmlənməsinə xidmət edir. Bu, həm
paytaxtlarda, həm də regionlarda mədəni inteqrasiyanı dərinləşdirərək iki ölkə
arasındakı yaxınlığın sosial təməlini daha da möhkəmləndirir.
Ümumilikdə, Prezident İlham Əliyevin Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası
Şuranın ikinci iclasında çıxışı və mətbuata verdiyi bəyanat Azərbaycan-Qazaxıstan
münasibətlərində strateji tərəfdaşlığın, regional sabitliyin və qarşılıqlı
inkişafa yönəlmiş yeni mərhələnin rəsmi bəyanıdır. Dövlət başçısının çıxışında
vurğulanan sülh, qarşılıqlı hörmət, inteqrasiya və ortaq dəyərlərə əsaslanan əməkdaşlıq
regionda uzunmüddətli sabitliyin və rifahın təmin edilməsinə yönəlmiş güclü
mesaj kimi dəyərləndirilir".