20 noyabr – Ağdam Şəhəri Günü Azərbaycan xalqının gücünün, əzminin, birliyinin və müzəffər ordumuzun qazandığı qələbənin təntənəsidir. Ağdam bu gün təkcə dirçəlişin deyil, həm də gələcəyə inamın, milli iradənin və dövlətçilik qüdrətinin simvoluna çevrilib.
"Rayonun 73 %-i, o cümlədən 90 kəndi düşmənin nəzarətinə keçdi. İşğal nəticəsində 128 min insan məcburi köçkünə çevrildi, 6 mindən çox insan şəhid oldu, yüzlərlə sosial və mədəni obyekt, məktəblər, sənaye müəssisələri dağıdıldı, yaşayış məntəqələri tamamilə yandırıldı və talan edildi. 1993-cü il 29 iyulda BMT Təhlükəsizlik Şurası 853 saylı qətnamə qəbul edərək “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını” tələb etdi. ATƏT-in Minsk qrupuna daxil olan ölkələr də hücumu qəti şəkildə pislədilər. Lakin Ermənistan beynəlxalq hüququn tələblərinə əməl etmədi və bölgədə qanunsuz məskunlaşma, talan, etnik təmizləmə siyasətini davam etdirdi.
Vətən müharibəsində əldə etdiyimiz
tarixi qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il
noyabrın 20-də Ağdam rayonunun işğal altında olan əraziləri Azərbaycana təhvil
verildi. Bu addım həm Azərbaycanın suverenliyinin bərpasında mühüm mərhələ
oldu, həm də genişmiqyaslı döyüşlərin davam etməsi nəticəsində yarana biləcək
əlavə insan tələfatının qarşısını aldı. Ağdamın bir güllə belə atılmadan azad
olunması, Azərbaycan Ordusunun gücünün, siyasi-diplomatik iradəmizin bariz
nümunəsi kimi tarixə düşdü. Bu təhvil prosesi bölgədə sülhün və təhlükəsizliyin
təmin edilməsi baxımından da mühüm rol oynadı.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 16 avqust 2022-ci il tarixli Qərarı ilə
“Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan” təsdiq edilib.
İşğaldan azad olunmuş ərazilər arasında ilk təsdiq edilən Baş Plan məhz Ağdam
şəhərinə məxsusdur. Baş Planın əsas məqsədi Ağdamı azad edilmiş ərazilərin ən
böyük, ölkənin isə dördüncü böyük şəhərinə çevirməkdir. Bu çərçivədə şəhərdə
100 min nəfərə qədər əhalinin yaşayacağı planlaşdırılır".
Deputat qeyd edib ki, Şanlı Qələbədən sonra Ağdamda genişmiqyaslı tikinti-quruculuq işləri aparılır:
"Xarabalıqlar
üzərində müasir, dayanıqlı və yaşıl şəhər modeli qurulur. “Böyük Qayıdış”
proqramı çərçivəsində şəhər və kəndlər sürətlə bərpa olunur, yeni yollar çəkilir,
mühəndis-kommunikasiya infrastrukturu yaradılır, istehsal müəssisələri açılır,
yaşıllıqlar salınır, ərazilər mina və partlamamış sursatlardan təmizlənir. Baş
Plan çərçivəsində Ağdam şəhəri 5 məhəllə üzrə layihələndirilib. Hazırda 2-ci
məhəllədə 66 yaşayış binasının tikintisi aparılır və paralel olaraq digər
məhəllələrdə də işlər davam etdiriləcək. Eyni zamanda, Ağdam rayonunun
Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində bərpa-quruculuq işlərinin birinci
mərhələsi tamamlanıb. Rayonun digər kəndləri üzrə layihələndirmə də davam edir.
2025-ci ilin oktyabr ayına qədər 825 ailə, 3318 nəfər Ağdama qayıdaraq doğma
yurdunda məskunlaşıb.
Ağdam
rayonunda iqtisadi fəallığın artırılması və yerli istehsalın genişləndirilməsi
məqsədilə həyata keçirilən ən mühüm layihələrdən biri Ağdam Sənaye Parkıdır.
Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli Fərmanına əsasən yaradılan
sənaye parkı 190 hektarlıq geniş ərazini əhatə edir və işğaldan azad olunan
torpaqların bərpası istiqamətində strateji addımlardan biridir. Ağdam Sənaye
Parkının yaradılmasının əsas məqsədi Qarabağın sənaye potensialını
canlandırmaq, sahibkarlıq fəaliyyətinə dəstək vermək, regionda yeni istehsal
sahələri formalaşdırmaq və yerli əhali üçün geniş məşğulluq imkanları
yaratmaqdır. Rezidentlərin sayına görə Sumqayıtdan sonra ölkənin ikinci ən
böyük sənaye parkı olan Ağdam Sənaye Parkında bu günə qədər ümumi dəyəri 260
milyon manatdan çox olan layihələr üzrə 28 sahibkarlıq subyektinə rezidentlik,
4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Hazırda parkda 9 müəssisə
fəaliyyət göstərir, 5-dən çox müəssisədə isə tikinti və təşkilati işlər davam
etdirilir. Sahibkarlar tərəfindən indiyədək layihələrə 115 milyon manatdan çox
investisiya yatırılıb, bu isə bölgənin iqtisadi canlanmasına mühüm töhfədir.
Parkın fəaliyyəti nəticəsində 938 nəfər daimi işlə təmin edilib və gələcəkdə iş
yerlərinin daha da artacağı gözlənilir. Ağdam Sənaye Parkı təkcə iqtisadi
layihə deyil, Qarabağın dirçəlişinin, yenidən qurulmasının və güclü sənaye
mərkəzinə çevrilməsinin real göstəricisidir. Bu parkın inkişafı regionda
dayanıqlı iqtisadiyyatın formalaşmasına, ixrac imkanlarının genişlənməsinə və
yeni istehsal sahələrinin yaranmasına şərait yaradır.
Ağdamda və bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda
aparılan bərpa-quruculuq işləri tarixi yaddaşın bərpası, müasir şəhər
konsepsiyasının formalaşdırılması, yeni iqtisadi mərkəzin yaradılması, məcburi
köçkünlərin təhlükəsiz və layiqli qayıdışı kimi strateji məqsədlərə xidmət
edir".