"Zelenskinin xalqa müraciətindəki nitqi onun siyasi çarəsizliyinin təzahürüdür" - Deputat

22:16 - 22 Noyabr 2025

\"Zelenskinin xalqa müraciətindəki nitqi onun siyasi çarəsizliyinin təzahürüdür\" - Deputat

"ABŞ-nin Rusiya-Ukrayna müharibəsini bitirmək üçün irəli sürdüyü 28 maddəlik sülh planından sonra Volodimir Zelenskinin xalqa müraciətindəki nitqi onun siyasi çarəsizliyinin təzahürüdür".


Manset.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, beynəlxalq münasibətlər sistemi və siyasət anlayışı həmişə uzaqgörənlik, müdriklik, milli maraqların qorunmasını tələb edir:

"Xalqların bəxti o zaman gətirir ki, onların uzaqgörən liderləri olur.

Rusiya-Ukrayna müharibəsi olduqca mürəkkəbdir. Lakin siyasi keçmiş və mürəkkəblik baxımından Azərbaycanın üzləşdiyi problemlə müqayisə edilə bilməz. Ölkəmiz çox çətin şəraitdə, demək olar ki, bütün dünya ilə üz-üzə qalaraq öz problemini həll etməyi bacardı. Əlbəttə ki, bu yalnız böyük liderlərin öhdəsindən gələ biləcəyi iş idi. Azərbaycan Prezidentinin qətiyyəti və siyasi iradəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi. O, dünya siyasətində yeni nümunə yaratdı. Dövlət başçısı göstərdi ki, böyük güclərin ciddiyə almadığı kiçik dövlətlər də öz milli maraqlarını qorumaq bacarığına malik ola bilirlər. Bu fonda demək lazımdır ki, Ukrayna kimi böyük bir ölkə hazırda məğlub olur və ya uduzdurulur".

Deputat əlavə edib ki, bu kontekstdə Fridrix Hegelin dövlətlə bağlı fəlsəfəsini xatırlamaq yerinə düşər:

"O deyirdi ki, dövlət - öyrənmək üçün təcrübə məktəbidir. Dünyanın gələcəyi baxımından təəssüf doğuran məqam ondan ibarətdir ki, Ukrayna nümunəsi beynəlxalq hüquqa yeni presedent yarada bilər. 21-ci əsrdə bir ölkənin ərazisinə müdaxilə edib, bunu beynəlxalq hüquqa qəbul etdirməyin mümkünlüyü kimi bir presedentdən söhbət gedir. Amma bu, birbaşa beynəlxalq hüququn pozulmasıdır. Azərbaycan isə Zəfərinin böyüklüyü sayəsində beynəlxalq hüququn pozulmasının qarşısını aldı. Təəssüf ki, Ukrayna suverenliyini və ərazi bütövlüyünü itirir. Bu isə dövlətin necə idarə edilməsini öyrədən acı bir təcrübədir".

Xatırladaq ki, noyabrın 20-də Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Donald Trampın sülh planının 28 bəndini dərc edib. Ukrayna rəsmiləri sənədi tənqid edərək, düzəlişlər edilmədən onu qəbulolunmaz hesab ediblər, halbuki Vaşinqton gözləyirdi ki, Ukrayna lideri Volodimir Zelenski sənədi noyabrın 27-dək imzalayacaq. Planda NATO-dan imtina, yeni sərhədlər, bufer zona, Ukrayna Silahlı Qüvvələri üçün məhdudiyyətlər və Rusiyanın dondurulmuş aktivlərindən istifadə kimi şərtlər nəzərdə tutulub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az