Ermənilər Hikmət Hacıyevlə Bakıdakı görüşdən sonra nələr yazdılar?

14:25 - 24 Noyabr 2025

Ermənilər Hikmət Hacıyevlə Bakıdakı görüşdən sonra nələr yazdılar?

Ermənistanın bir qrup qeyri-hökumət təşkilatı, ekspert və ictimai xadimdən ibarət nümayəndə heyətinin Bakıya səfəri və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə keçirilən görüş İrəvanda geniş rezonansa səbəb olub.


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, səfərdə iştirak edən erməni nümayəndələri görüşün detallarını bölüşərək həm Bakıda formalaşan dialoq atmosferi, həm də Azərbaycan tərəfinin verdiyi mesajlar barədə öz təəssüratlarını ictimaiyyətə açıqlayıblar.

Areq Koçinyan Bakıda nə eşitdi? – “Hacıyev Ermənistana konkret mesaj verdi”

Erməni nümayəndə heyətinin üzvü Areg Koçinyan görüşün əsas məqamları barədə danışarkən bildirib ki, Hikmət Hacıyev Ermənistan cəmiyyətinə ünvanlanmış bir neçə mühüm mesajı xüsusi olaraq çatdırmalarını xahiş edib. Onun sözlərinə görə, Hacıyev ilk olaraq vurğulayıb ki, Azərbaycan üçün müharibə artıq bitib və Bakı Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olmadığını hesab edir. Koçinyanın açıqlamasına görə, Azərbaycan tərəfi uzunmüddətli, hərtərəfli və davamlı sülh münasibətləri qurmaq niyyətindədir və Ermənistan ərazilərinə qarşı heç bir iddianın olmadığını açıq şəkildə bildirib. Ekspert qeyd edib ki, Azərbaycan bölgədə dayanıqlı təhlükəsizlik modelinin məhz “müharibəsiz reallıq” üzərində formalaşmasını istəyir və bu çərçivədə yeni dövrün başlanmasına hazır olduğunu ifadə edib. Koçinyan həmçinin özünün də Ermənistanda “Zəngəzur dəhlizi” terminindən istifadəni qəbuledilən sayan azsaylı ekspertlərdən biri olduğunu xatırladaraq Bakıda aparılan dialoqu real imkan kimi dəyərləndirib.

Minasyanın narahatlığı: “İrəvan” ifadəsi Ermənistanda həssaslıq yaratdı”

Səfərdə iştirak edən digər erməni ekspert Narek Minasyan isə görüşdə informasiya dilinin və mətnlərin həssaslığı ilə bağlı müzakirələrin aparıldığını bildirib. Onun sözlərinə görə, bəzi Azərbaycan media qurumlarında istifadə olunan terminlər Ermənistanda “provokativ” kimi qəbul olunduğundan bu məsələ diqqətə gətirilib. Minasyan bununla bağlı konkret misal olaraq Azərtac-ın paylaşımında şəhərin adının “Yerevan” yox, “İrəvan/İrevən” kimi qeyd edilməsini göstərib və bu ifadənin İrəvanda müəyyən narahatlığa səbəb olduğunu vurğulayıb. O iddia edib ki, Azərbaycan tərəfi belə hallara diqqət yetirilməsinin vacibliyini qeyd edib, bu tip ifadələrin gələcəkdə təkrarlanmamasına çalışılacağını bildirib və göstərilən konkret material üzrə məsələnin redaksiya ilə müzakirə olunacağına dair vəd verib.

Erməni KİV-lərində və ictimai-siyasi dairələrdə səfərlə bağlı müxtəlif reaksiyalar formalaşıb. Bəzi ekspertlər bu səfəri iki ölkə cəmiyyətləri arasında ilk real dialoq cəhdi, yeni mərhələnin başlanğıcı kimi qiymətləndiriblər. Onların fikrincə, Bakı tərəfindən verilən sülh mesajları Ermənistan ictimaiyyəti üçün önəmli siqnaldır və bu tip görüşlər sabitlik üçün mühüm zəmindir. Bununla yanaşı, müəyyən siyasi qruplar səfəri tənqid edərək nümayəndə heyətinin Bakı qarşısında “həddindən artıq yumşaq mövqe” sərgilədiyini, terminologiya ilə bağlı müzakirələrin isə Ermənistanda əlavə gərginlik yaratdığını iddia ediblər.

Nəticə etibarilə, Bakıya səfər etmiş erməni nümayəndələrinin açıqlamaları iki əsas məqamı önə çıxarır: Azərbaycan tərəfinin açıq şəkildə ifadə etdiyi sülh iradəsi və Ermənistan daxilində informasiya həssaslığının davam etməsi. Bu səfər ekspertlərin fikrincə, iki ölkə arasında cəmiyyətlər səviyyəsində qarşılıqlı anlayışın formalaşması istiqamətində mühüm addım ola bilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az