"Kəlbəcər bu gün daha güclü, möhtəşəm və abad şəkildə yenidən doğulur"

16:01 - 24 Noyabr 2025

\"Kəlbəcər bu gün daha güclü, möhtəşəm və abad şəkildə yenidən doğulur\"

"25 Noyabr – Kəlbəcər Şəhəri Günü xalqımızın yaddaşına möhtəşəm zəfərin tarixi kimi həkk olunub. Bu gün Kəlbəcərdə aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri, yeni yollar, yeni şəhərsalma layihələri Böyük Qayıdışın parlaq nümunəsidir".


Bu sözləri  Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib. O, qeyd edib ki,Kəlbəcər rayonunun 1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində 511 nəfər dinc sakin qətlə yetirilib, 321 nəfər əsir və itkin düşüb, rayon əhalisi ölkənin 56 rayonunun 770 məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub, onlarla tarixi abidə, yüzlərlə dövlət və ictimai bina, 97 məktəb, 116 kitabxana, 9 xəstəxana və minlərlə ev dağıdılıb:

"BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb etsə də, Ermənistan qətnaməni icra etmədi və beynəlxalq təşkilatlar buna ciddi reaksiya vermədi. Üstəlik, 1999-cu ildən etibarən Kəlbəcər ərazisində qeyri-qanuni erməni məskunlaşdırılması aparıldı ki, bu da beynəlxalq hüququn kobud şəkildə pozulması idi.

Siyasətin, hərbi gücün, strateji və taktiki planlamanın uğurlu nəticəsi olaraq, Vətən müharibəsində əldə edilən tarixi Qələbə müstəqilliyimizin və dövlətçiliyimizin gücünü bir daha sübut etdi. Bu qələbənin siyasi-hərbi nəticəsi kimi imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu 25 noyabr tarixində Azərbaycana təhvil verildi. Bu təhvil prosesinin nəticəsində Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Təəssüf ki, ərazini tərk edən qeyri-qanuni erməni sakinləri evləri yandırmaq, bağları məhv etmək kimi vandal hərəkətlərlə dünya ictimaiyyəti qarşısında öz eybəcər simalarını bir daha nümayiş etdirdilər".

Deputat qeyd edib ki, işğaldan azad edilən Kəlbəcərdə hazırda həyata keçirilən layihələr ölkənin ən böyük şəhərsalma proqramlarından birinə çevrilib:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan” təsdiq edilib. Yeni Baş Plan Kəlbəcərin işğaldan əvvəlki inkişaf göstəricilərini müasir urbanizasiya tələblərinə uyğun şəkildə iki dəfədən çox artırır. Belə ki, şəhərin ərazisinin 130 hektardan 290 hektara, əhalisinin isə 7500 nəfərdən 17000 nəfərə çatdırılması nəzərdə tutulur. Şəhər mərkəzi ortamərtəbəli çoxmənzilli binalar və inzibati tikililərdən ibarət olacaq, ətraf zonalarda isə genişmiqyaslı fərdi yaşayış evləri salınacaq. 2040-cı ilədək Kəlbəcər əhalisinin 4250 mənzillə təmin edilməsi planlaşdırılır.

Kəlbəcər şəhərində inşası davam etdirilən 524 ailəlik böyük yaşayış məhəlləsi bölgədə aparılan bərpa və yenidənqurma işlərinin ən mühüm layihələrindən biridir. 19,5 hektar ərazini əhatə edən kompleks müasir memarlıq tələblərinə uyğun şəkildə layihələndirilib. Birinci mərhələ çərçivəsində məhəlləyə 201 ailənin köçürülməsi nəzərdə tutulub. Bunun üçün artıq dördmərtəbəli 6 yaşayış binası tikilərək tam hazır vəziyyətə gətirilib. Hər binada 27 mənzil, ümumilikdə isə 162 mənzil mövcuddur. Bu mərhələnin istifadəyə verilməsi ilə Kəlbəcərə artıq 81 ailə, 338 nəfər köçürülüb. Prezident İlham Əliyev 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri zamanı yeni mənzillərə köçmüş 20 ailəyə mənzil açarlarını təqdim edib.

Layihənin ikinci mərhələsində isə 323 ailənin məhəlləyə yerləşdirilməsi planlaşdırılır. Bunun üçün 16 müxtəlif tipli dördmərtəbəli çoxmənzilli bina, “Townhouse” tipli ikimərtəbəli 57 ev inşa ediləcək. Bu mərhələ tamamlandıqdan sonra kompleks tam şəkildə 524 ailənin yaşayışını təmin edəcək".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az