Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməkdə təqsirləndirilən 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) barəsində olan hökmdən verilən appelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, Səbail Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxslərin cəzası 2 ildən 6 aya endirilib. Deportasiya qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Sabail rayon Məhkəməsinin hökmünə əsasən, Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onlar cəzalarını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməli, cəzalarını çəkdikdən sonra ölkə ərazisindən məcburi şəkildə çıxarılmalıdırlar.
Xatırladaq ki, ötən il avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb.