logo
logo logo
logo

Vətənşüvənlərin paradı - Elbəyi "diplomatiyası" və ya sosial şəbəkələrdə edilən "ağıl dərsləri"nin əsl mahiyyəti

13:08 - 28 İyul 2026

Vətənşüvənlərin paradı - Elbəyi \"diplomatiyası\" və ya sosial şəbəkələrdə edilən \"ağıl dərsləri\"nin əsl mahiyyəti

Son illər sosial şəbəkələrdə qəribə bir tendensiya yaranıb. Dövlət idarəçiliyindən xəbəri olmayanlar özünü siyasi ekspert, müharibə görməyənlər hərbi strateq kimi aparır, diplomatiyanın mahiyyətini anlamayanlar isə diplomatlara dərs keçir.


Belə çıxışlardan biri də xaricdə yaşayan mühacir Elbəyi Həsənlinin Prezidentin köməkçisi Hikmət Hacıyevi hədəfə alan paylaşımıdır. Elbəyi deyir ki, Hikmət Hacıyev vaxtilə “Səhər Azəri” kanalına verdiyi müsahibədə İranı tərifləyib. Halbuki söhbət İranın rəsmi IRNA informasiya agentliyinə verilmiş müsahibədən gedir. Sadəcə o dövrdə “Səhər Azəri” kanalı müsahibəni İRNA agentliyinə istinadən yayımlayıb.

Mənbəni belə düzgün göstərməyən Elbəyi Həsənli ardınca geosiyasətdən, diplomatiyadan, dövlət maraqlarından danışır.  Elbəyi kimi avantüristlər elə düşünür ki, diplomatiya özünü klaviatura arxasında “şiri-nər” kimi aparmaqdır. Kimisə bəyənmədinsə, sərt bəyanat ver, qapıları çırp, körpüləri yandır və bunu da cəmiyyətə “prinsipial mövqe” kimi sırı…

Bu barədə bir qədər sonra… Əvvəlcə görək Elbəyi sözügedən müsahibədə nəyi necə “təhlil edib”?

Əgər Prezidentin köməkçisi həmin müsahibədə İranın Birinci Qarabağ müharibəsində Azərbaycana yardımından ətraflı danışıbsa, deməli, burada dövrün reallıqları, geosiyasi vəziyyətini nəzərə almaq lazımdır. Bu mənada Hikmət Hacıyevin müsahibəsində səsləndirdiyi fikir də məhz həmin tarixi kontekstdə qiymətləndirilməlidir. Doğrudan da Birinci Qarabağ müharibəsi zamanı minlərlə məcburi köçkün Araz çayını keçərək İran ərazisində təhlükəsiz şəkildə yerləşdirilmişdi.

Yəni Elbəyinin düşündüyü kimi, bəzən diplomatiyada qarşı tərəfin müsbət addımını qeyd etmək həmin dövlətin bütün siyasətini müdafiə etmək anlamına gəlmir. Bu, daha çox ölkələrarası münasibətləri möhkəmləndirmək, dialoq mühitini yaxşılaşdırmaq və ən əsası milli maraqları qorumaq məqsədi daşıyır. Dövlət adamı danışarkən şəxsi hisslərini yox, ölkəsinin təhlükəsizliyini düşünür. Onun hər sözü bəzən bütöv bir xalqın taleyinə, ordunun vəziyyətinə, beynəlxalq münasibətlərə təsir edir.

Hikmət Hacıyev də diplomatiyanın bu qaydalarından uğurla istifadə edir və Vətən müharibəsində İrandan gələn təhdidləri və təhlükələri neytrallaşdırmağa hesablayan açıqlamalar verirdi.

Elbəyi kimiləri anlamır ki, dövlətlər qlobal çağırışlara və dəyişən şəraitə uyğun davranırlar. Elə İranın özü ilə münasibətlər müxtəlif dövrlərdə fərqli mərhələlərdən keçib.

2020-ci il Vətən müharibəsi zamanı və sonrakı dövrdə İranın ikili standartları ilə bağlı çoxsaylı faktlar var. Azərbaycan Ordusunun Zəngilan istiqamətində uğurlu əməliyyatlarının qarşısını almaq üçün İran öz ordusunu bu ərazilərdə yerləşdirmişdi. Elbəyi Həsənli öz yazısında bu faktı da göstərib. Bununla yanaşı l, Rusiyadan Ermənistana yüklərin İran üzərindən daşınması, Qarabağdakı separatçılara yanacaq çatdırılması, İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olması barədə məlumatlar bu gün də geniş müzakirə edilir. Məhz güclü diplomat və böyük strateq, prezident İlham Əliyevin rəhbərliyi ilə həmin mərhələdə Azərbaycan kəskin situasiyada hərəkətə keçdi, diplomatik yanaşma ilə bir sıra məsələləri həll etdi, hüquqi müstəvidə də sərt reaksiya verildi, nəticədə qanunsuz daşımalar dayandırıldı və dövlət sərhədində Azərbaycanın suveren nəzarəti tam təmin edildi.

Bəs belə mürəkkəb şəraitdə Hikmət Hacıyev kimi bir peşəkar diplomat nə etməli idi? Emosional bəyanatlarla vəziyyəti daha da gərginləşdirməli idimi? Yoxsa milli maraqları əsas götürərək mümkün riskləri minimuma endirməli idi?

Cavab aydındır!

Diplomatın vəzifəsi hər gün yeni düşmən qazanmaq deyil. Onun işi mövcud təhlükələri neytrallaşdırmaq, ölkənin maraqlarını qorumaq, müharibə şəraitində əlavə cəbhələrin açılmasına imkan verməməkdir.

Tarix göstərir ki, ən böyük hərbi qələbələrin arxasında həmişə güclü diplomatiya dayanıb. İkinci Dünya müharibəsindən tutmuş müasir regional münaqişələrə qədər bütün nümunələr bunu təsdiqləyir. Təkcə silahla qalib gəlmək mümkün deyil. Silahın qazandığını diplomatiya möhkəmləndirməlidir.

Azərbaycan da 2020-ci ildə məhz bu strategiyanı nümayiş etdirdi. Ordumuz döyüş meydanında tarixi zəfər qazandı, diplomatiya isə həmin qələbənin beynəlxalq səviyyədə qəbul olunmasına və sonrakı proseslərin ölkəmizin maraqları çərçivəsində idarə edilməsinə xidmət etdi.

Təəssüf doğuran məqam isə odur ki, Elbəyi Həsənlilər bu mürəkkəb dövlət idarəçiliyini sosial şəbəkə statusu səviyyəsinə endirməyə çalışırlar. Xaricdə oturaraq Azərbaycanın dövlət institutlarını, beynəlxalq nüfuza malik rəsmi şəxslərini davamlı şəkildə hədəfə almaq nə analitika, nə də vətəndaş məsuliyyətidir.

Ən təhlükəli yanaşma isə tarixi bugünkü siyasi emosiyalarla mühakimə etməkdir. Dövlət siyasəti şəxsi simpatiya və antipatiyalar üzərində qurulmur. Dövlət maraqları emosiyadan yox, strateji gedişlərdən doğur.

Bu gün Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıq məhz peşəkar diplomatiyanın, güclü ordunun və siyasi rəhbərliyin koordinasiyalı fəaliyyətinin nəticəsidir.

Bəli, əgər Azərbaycan diplomatiyası bu qədər praqmatik və vətənpərvər olmasaydı, ölkə 30 illik işğala son qoya bilməzdi. Bu gün məhz Azərbaycan regionda yəni geosiyasi reallıq yaradıb. Regionun aparıcı qüvvələri ilə məhz bu dildə danışır.

Belə olan halda, hansısa diplomatik açıqlamanı kontekstdən çıxarıb siyasi manipulyasiya predmetinə çevirmək nə tarixə, nə də həqiqətə xidmət edir. Milli maraqlar uğrunda mübarizə aparan dövlət üçün ən təhlükəli silah düşmənin topu deyil, öz içindən olan belə nadanların fəaliyyətidir. Xaricdə oturub Azərbaycan dövlətçiliyinə qarşı davamlı qərəz nümayiş etdirmək, ölkənin nüfuzlu rəsmi şəxslərini kontekstdən çıxarılmış sitatlarla gözdən salmağa çalışmaq sağlam siyasi polemika deyil, elə Hikmət Hacıyevin öz təbirincə desək, Vətənə XƏYANƏTDİR.

Ən təhlükəlisi isə budur ki, bəzi insanlar dövlət maraqlarını şəxsi siyasi ambisiyalarının qurbanına çevirirlər. Onlar üçün əsas məsələ həqiqət deyil, ittihamdır; arqument deyil, qalmaqaldır; dövlət marağı deyil, gündəm yaratmaqdır. Halbuki dövlət maraqları emosiyalarla qorunmur, ağılla, uzaqgörənliklə və peşəkar diplomatiya ilə mühafizə edilir.

Bu həqiqəti anlamayan Elbəyi Həsənli isə geosiyasəti şəxsi inciklik səviyyəsində qiymətləndirir. Vaxtilə çalışdığı “Yeni Müsavat” qəzetində hakimiyyətin əleyhinə qərəz püskürən, sonra da xaricə qaçıb missiyasını oradan davam etdirən, ardınca yenidən hakimiyyətə yarınan Elbəyidən bundan artığını gözləmək də yersizdir. Amma əqidəsini pula satan, ölkəsinə dönük çıxanların da vətənşüvənliyi bir yerə qədərdir. 2023-də İlham Əliyev və onun komandası haqqında paylaşdığı yüksək fikirləri Elbəyi Həsənlinin yadına salmağa yəqin ki, ehtiyac yoxdur. O vaxt AXCP-yə və onun sədrinə səslənib deyirdi ki, “kimin nə deməyindən asılı olmayaraq İlham Əliyev Azərbaycanın üzləşdiyi erməni problemini heç kimin xəyal belə edə bilmədiyi səviyyədə xalqımızın və dövlətimizin xeyrinə aradan qaldırdı”. Əminliklə bildirirdi ki, İlham Əliyevin bu xidmətini heç kim tarixdən silə bilməz. “Bu xidməti bugünkü müxalifət kimi kiçiltməyə çalışanlar olacaq, ancaq mən heç onların uğur qazanacağına inanmıram”, – deyirdi, bəzilərini Azərbaycan drövlətinin, bütövlükdə türk dünyasının maraqlarına arxa çevirməkdə suçlayırdı. Bəs nə baş verdi ki, indi hakimiyyətə qarşı mövqeyin dəyişdi, cənab Həsənli?! Zaman göstərir ki, danışdıqca batanlardansınız!!!

Fadil Paşayev

Əməkdar jurnalist


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az