"Prezident İlham Əliyevin 2025-ci il avqustun 8-də ABŞ-a səfəri və Ağ evdə Ermənistanla sülh sənədinin paraflanması Cənubi Qafqazda münaqişəyə son qoyan tarixi hadisə kimi dəyərləndirilməlidir".
Bunu Manset.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə Komitəsinin sədri Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, bu səfər Azərbaycanın qələbəsini beynəlxalq səviyyədə rəsmiləşdirdi, ABŞ-la strateji tərəfdaşlığın təməlini qoydu və regionda kommunikasiyaların, nəqliyyat xətlərinin açılmasına yol açdı:
"Tarixi səfərin əhəmiyyəti və nəticələri ondan ibarətdir ki, Vaşinqton sammiti Azərbaycanın sülh təşəbbüslərini bütün dünyaya yaydı və onun qlobal səviyyədə dəstəkləndiyini göstərdi. Burada strateji əməkdaşlıqdan da söhbət gedir. Əsasən, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq xartiyasının yaradılması üçün memorandum imzalandı.
Hər bir dövlət burada iqtisadi dividend qazandı; ikitərəfli və qlobal enerji layihələri, o cümlədən nəqliyyat dəhlizləri müzakirə edildi. Sülh siyasətinin praktiki nəticəsi ondan ibarət oldu ki, bu, hərbi qələbənin siyasi təsdiqinə çevrildi. Azərbaycan güc amili ilə yaratdığı yeni reallığı diplomatiya müstəvisində uğurla başa çatdırdı. Xarici İşlər Nazirliyi sülh sənədinin mətnini razılaşdırdı və parafladı".
Arzu Nağıyev bildirib ki, kommunikasiyaların açılması ilə bağlı Naxçıvanla əlaqəni təmin edən nəqliyyat marşrutları, o cümlədən “Tramp marşrutu” qəbul edildi:
"Regiona və tərəflərə gətirəcəyi üstünlüklərin davamlı olması, 30 illik düşmənçiliyə son qoyulması və sabitliyin yaranması çox mühüm amillərdən biridir. Bütün Cənubi Qafqazın nəqliyyat və ticarət mərkəzinə çevrilməsi istiqamətində ciddi addımlar atıldı və bu proses davam etməkdədir. Ermənistanın məhz sürətləndirilmiş kommunikasiya xətlərindən iqtisadi fayda əldə etmək şansı yarandı.
Bu, o qədər mühüm bir görüş və mühüm bir məsələ idi ki, Ermənistan rəhbərliyi bu günü bayram kimi qəbul edərək həm Azərbaycan xalqını, həm də Ermənistan xalqını təbrik edir. Bir sözlə, 2025-ci il avqust ayının 8-də təməli qoyulmuş və müharibədən sonrakı dövrdə sülhün bərqərar olması istiqamətində atılan addımlar məhz həmin tarixlə bağlıdır. Azərbaycanın humanitar sahədə atdığı addımlar, keçirilən görüşlər, cəmiyyət nümayəndələrinin və siyasi rəhbərliyin təmasları çox mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, həmin gün tarixdə Azərbaycanın zəfəri və qələbəsi kimi qalacaqdır", - deyə deputat fikirlərinə əlavə edib.