"Sülh siyasi iradədən cəmiyyət düşüncəsinə çevrilməlidir".
Manset.az xəbər verir ki, Ombudsman Aparatının mətbuat katibi Araz Əsgərli “Sülh Aylığı” təşəbbüsü çərçivəsində sülhün insan hüquqları və insan ləyaqəti ilə bağlılığına dair fikirlərini bölüşüb. Araz Əsgərli qeyd edib ki, sülh yalnız müharibənin başa çatması deyil, insanların özünü təhlükəsiz və ləyaqətli hiss etdiyi gələcəyin qurulmasıdır. Onun sözlərinə görə, siyasi iradə ilə başlayan sülh cəmiyyətlərin ümumi düşüncəsinə çevrildikdə davamlı xarakter alır. Ombudsman Aparatının rəsmisi bildirib ki, Azərbaycanın müharibədən sonra sülh gündəliyini önə çəkməsi bu yanaşmanın mühüm göstəricisidir:
"Azərbaycanın bugünkü sülh siyasətini də məhz bu geniş baxışla qiymətləndirmək lazımdır.Azərbaycan müharibənin qalibidir. Ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Lakin bu qələbədən sonra qarşısına yeni qarşıdurmalar yaratmaq deyil, regionda davamlı sülh, təhlükəsizlik, əməkdaşlıq və inkişaf üçün şərait formalaşdırmaq məqsədini qoyub.Prezident İlham Əliyevin siyasi mövqeyində bu yanaşma ardıcıl şəkildə ifadə olunub. Dövlət başçısı dəfələrlə Azərbaycanın sülhə üstünlük verdiyini, regionda davamlı sabitliyin və əməkdaşlığın təmin olunmasının vacibliyini vurğulayıb. Azərbaycanın ağır müharibə və işğal təcrübəsindən sonra sülh gündəliyini önə çəkməsi bu siyasətin mahiyyətini daha aydın göstərir.Bu siyasətin mühüm məqamı ondan ibarətdir ki, Azərbaycan müharibədən sonra sülh gündəliyini özü irəli sürüb, Ermənistanla sülh müqaviləsinin hazırlanması təşəbbüsünü ortaya qoyub və bu istiqamətdə konkret prinsiplər müəyyənləşdirib.Mətbuat katibi 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair Saziş layihəsinin paraflanmasını və Birgə Bəyannamənin imzalanmasını prosesin mühüm mərhələsi kimi qiymətləndirib:
"8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair Saziş layihəsinin paraflanması, ardınca imzalanmış Birgə Bəyannamə bu prosesin mühüm siyasi mərhələsinə çevrildi. Tərəflər keçmiş münaqişənin yaratdığı düşmənçilik səhifəsini bağlamaq, qisas cəhdlərini rədd etmək, qarşılıqlı hörmət və sülh əsasında münasibətlər qurmaq iradəsini ifadə etdilər.
Araz Əsgərlinin sözlərinə görə, Azərbaycan öz tarixini və keçmişdə yaşadığı ağrıları unutmadan gələcək nəsillərin eyni faciələri yaşamaması üçün sülhü seçir. O, həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın 21 avqust–21 sentyabr tarixlərini ölkədə “Sülh Aylığı” elan etməsinə diqqət çəkib:
" İnsan hüquqlarının qorunduğu, insan ləyaqətinin üstün tutulduğu, zorakılığın və nifrətin rədd edildiyi cəmiyyət sülhə daha yaxındır. Bəşəriyyətin dini, fəlsəfi və milli-mədəni irsi müxtəlif ifadə formalarına malik olsa da, onun dərin qatında ortaq bir həqiqət dayanır: insan həyatı qorunmalı, insan ləyaqəti uca tutulmalı, zülm və zorakılıq rədd edilməlidir. İlahi ədalət düşüncəsində də, milli-mədəni dəyərlərdə də, universal insan hüquqları fəlsəfəsində də haqqın, ədalətin və insan ləyaqətinin qorunması ali dəyərlər sırasındadır.Bu mənada sülh kiminsə digərinə etdiyi güzəşt deyil. Sülh insanlığın ortaq haqqıdır.Lakin bu haqqın gerçəkləşməsi qarşılıqlı məsuliyyət tələb edir.
Bu gün Azərbaycanın sülh üçün yaratdığı siyasi və diplomatik imkanların qarşılıqlı xarakter alması vacibdir. Ermənistan cəmiyyəti də yaranmış yeni reallığa yalnız siyasi hadisə kimi deyil, gələcək nəsillərin taleyi baxımından yanaşmalıdır.
Ermənistanın Baş naziri Nikol Paşinyanın da Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin keçmiş münaqişə ilə müəyyən olunmayan yeni gələcəyə yol açması, düşmənçilik səhifəsinin bağlanmasının zəruriliyi və qisas cəhdlərinin rədd edilməsi ilə bağlı fikirləri bu baxımdan diqqətəlayiqdir. Ermənistan cəmiyyətinə müraciətlərində də Paşinyan sülh şəraitində yaşamağın yeni bir reallıq olduğunu və cəmiyyətin buna uyğunlaşmasının vacibliyini vurğulayıb.Bu yanaşma bir həqiqəti göstərir: sülh artıq yalnız iki dövlətin diplomatik gündəliyi deyil. O, hər iki cəmiyyətin gələcəyi ilə bağlı məsələdir.Azərbaycan cəmiyyətində bu istiqamətdə atılan addımların qarşılığının Ermənistan cəmiyyətində də formalaşması vacibdir. Milli və etnik düşmənçiliyi qızışdıran yazılar, nifrət dili, revanşist çağırışlar və tarixin siyasi manipulyasiyası cəmiyyətləri gələcəyə deyil, keçmişin qarşıdurmalarına qaytarır. Tarixi bilmək və qorumaq hər bir xalqın haqqıdır. Lakin tarixi gələcək nəsillərə nifrət kimi ötürmək heç bir xalqın gələcəyinə xidmət etmir. Heç kim həqiqətdən kənarda deyil. Hər iki cəmiyyət öz tarixini, öz ağrısını və öz yaddaşını bilir. Amma gələcək nəsillər üçün daha böyük həqiqət var: onların təhlükəsiz, sabit, ləyaqətli və inkişaf edən bir regionda yaşamaq haqqı.Bu həqiqət bizi keçmişdən qaçmağa deyil, keçmişdən nəticə çıxarmağa çağırır. Sülh bir günün, bir neçə ayın, hətta bir neçə ilin işi deyil. Cəmiyyətlərin yaddaşı zaman tələb edir. Ağrılar bir anda yox olmur, münasibətlər bir gündə dəyişmir. Lakin siyasi iradə ilə yanaşı, ictimai düşüncə də dəyişə bilər.Bunun üçün tarixdən imtina etmək lazım deyil. Əksinə, tarixə daha böyük məsuliyyətlə yanaşmaq lazımdır.Keçmişin həqiqətini qorumaqla gələcəyin sülhünü qurmaq mümkündür.Biz ağrını unutmadan sülhü seçə bilərik. Ədalətdən vaz keçmədən barışığa gedə bilərik. Çünki bizim yaşadığımız faciələrin ən mənalı cavabı gələcək nəsillərin həmin faciələri yaşamamasıdır.Bəlkə də sülhün ən böyük humanitar mənası elə budur.
Böyük Hüseyn Cavidin sözləri bu həqiqəti öz dərinliyi ilə ifadə edir: “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü.”
Bu gün regionun ehtiyacı yeni qan izləri deyil.Ehtiyac olan, artıq yaradılmış sülh imkanlarını qorumaq, siyasi iradəni qarşılıqlı məsuliyyətə çevirmək, diplomatiyanı gücləndirmək və sülhü cəmiyyətlərin düşüncə tərzinə çevirməkdir.
Prezident İlham Əliyevin siyasi iradəsi, Hikmət Hacıyevin “sülhü qazanmaq” yanaşması və Ombudsman Səbinə Əliyevanın “Sülh Aylığı” təşəbbüsü əslində eyni böyük məqsədin müxtəlif müstəvilərdə ifadəsidir: müharibənin nəticələrindən sülhün dəyərlərinə, siyasi razılaşmadan ictimai düşüncəyə, keçmişin ağrısından gələcəyin təhlükəsizliyinə doğru hərəkət.İndi bu düşüncənin qarşılıqlı xarakter alması vacibdir.Çünki davamlı sülh bir tərəfin iradəsi ilə deyil, cəmiyyətlərin ortaq məsuliyyəti ilə qurulur.Və bəlkə də bu gün region qarşısında dayanan ən böyük tarixi və mənəvi vəzifə budur: keçmişin həqiqətini qoruyaraq, gələcəyin sülhünü birlikdə yaşatmağı bacarmaqdır".