"Qərbi Azərbaycana qayıdıș Ulu öndərin formalașdırdığı milli-mənəvi bütövlük siyasətinin tərkib hissəsidir".
Manset.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri, “Qərbi Azərbaycan İcması” Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov müsahibəsində bildirib.
Həmin müsahibəni təqdim edirik:
- Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il 22 avqust tarixli Fərmanında Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması ilə bağlı həmin dövrdə mövcud olan konkret problemlər sadalanırdı. Bu problemlərin həlli yolunda görülən işlərə tarixi ekskurs oxucularımız üçün də önəmli olardı.
- Ulu Öndər Heydər Əliyev Qərbi Azərbaycan torpaqlarını, Qərbi Azərbaycanda soydaşlarımızın minillər boyu yaratmış olduğu mədəni irs nümunələrini, o torpaqlardan çıxmış böyük şəxsiyyətləri hər fürsətdə xatırlatmaqla millətin yaddaşını təzələyir, soydaşlarımıza ermənilərin içində öz milli kimliyini qorumaq, milli dəyərlərini inkişaf etdirmək üçün güc, qüvvət verirdi. Tarixə nəzər yetirək: məsələn, İrəvan Azərbaycan Dram Teatrının fəaliyyətinə verdiyi dəstək bu qəbildən idi. 1949-cu ildə dövlət statusu ləğv edilib, əyalət teatrı səviyyəsinə endirilən İrəvan Teatrının böyük çətinliklə dövlət statusunu bərpa etdikdən sonra Bakıya dəvət olunması burada tam iki həftə qastrol səfərində olması təkcə teatr hadisəsi yox, həm də milli hadisə idi.
Məhz Ulu Öndərin təşəbbüsü ilə 1972-ci ildə Aşıq Ələsgərin 150 illik yubileyi dövlət səviyyəsində nəinki Azərbaycanda və Ermənistanda, həm də SSRİ-nin paytaxtı Moskvada da keçirildi.
Ulu Öndər Aşıq Ələsgərin 150 illik yubileyindən az sonra - 1981-ci ildə Göyçə aşıq məktəbinin digər görkəmli nümayəndəsi, Aşıq Ələsgərin ustadı, Göyçə mahalının Qızılvəng kəndindən olan Aşıq Alının 180 illik yubileyinin, 1996-cı ildə Aşıq Ələsgərin 175 illik və 2001-ci ildə 180 illik yubileylərinin keçirilməsi barədə sərəncamlar imzalamışdır.
Aşıq Ələsgərin Göyçə mahalının Basarkeçər rayonunun Ağkilsə kəndində məzarı üstündə abidəsinin varlığı da bu ərazilərin tarixi Azərbaycan torpaqları olmasının sübutlarından biridir. Lakin təəssüf ki, erməni vandalizmi sərhəd tanımır və 1987-1991-ci illərdəki sonuncu deportasiya zamanı, Qərbi Azərbaycandakı mədəni irsimizin digər nümunələri kimi, Aşıq Ələsgərin həmin qəbirüstü abidəsi də erməni vandalları tərəfindən tamamilə dağıdılmışdır.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 22 avqust 2001-ci il tarixli Fərmanında erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli müddəaları əksini tapmışdır. Əsas məqsəd soydaşlarımızın hüquqlarının müdafiəsi və sosial problemlərinin diqqətdə saxlanması idi.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi xətti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməklə, arzuları da həyata keçirilir. Bunu dövlət başçımızın Aşıq Ələsgərlə bağlı bir ildə iki fərman - 2021-ci il fevralın 18-də Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi, 2021-ci il noyabrın 30-da isə Bakı şəhərində heykəlinin ucaldılması barədə sərəncam imzalaması da təsdiq edir. Bunun ardınca İrəvan Müəllimlər Seminariyasının və İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamları tarixi torpaqlarımıza Böyük Qayıdışını təsdiqləyən ilk addımlarıdır.
Digər bir məsələ, işğal dövründə Ermənistan dövləti tərəfindən azərbaycanlılara qarşı beynəlxalq cinayət hüququna görə təcavüz, genosid (soyqırımı), insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və.s törədilmiş cinayətlər və bunlara görə hüquqi məsuliyyət məsələləridir.
Bu əməlləri törətməklə Ermənistan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasını pozub. Cenevrə Konvensiyaları ilə cinayət sayılan bütün cinayət əməlləri xalqımıza qarşı törədilib. Ermənistan asimmetrik müharibə aparıb, mülki obyektlərə ziyan vurub, əsirlərə, girovlara əzab verib. Ermənistan müharibə zonasından kənarda yerləşən obyektləri atəşə tutub və mülki şəxsləri qətlə yetirib. Həmin cinayətlərinə görə cəza tədbirlərinin görülməsi beynəlxalq təşkilatların prioritet istiqamətlərindən biridir.
Azərbaycan və Ermənistan Cenevrə konvensiyalarının iştirakçısıdır və buna əməl etmək onların vəzifəsidir.
- Fərmanda qaçqınların daimi məskunlaşması üçün torpaq sahələrinin ayrılması, fərdi yaşayış evlərinin və qəsəbələrin tikilməsi, həmçinin Goranboy rayonunun Aşağı Ağcakənd və Yuxarı Ağcakənd kəndlərində dağıdılmış 1400 yaşayış evinin bərpası və təmiri nəzərdə tutuldu. Bu və digər müvafiq müddəaların icrası nəticəsində daha hansı yaşayış məntəqələrində yeni evlər, qəsəbələr salındı və bütövlükdə neçə ailə mənzillə təmin edildi?
- Azərbaycandan deportasiya olunmuş insanlara əvvəllər ölkə rəhbərliyi səviyyəsində bir biganəlik olub. Bir faktı deyim ki, dağ yerindən gələn həmyerlilərimi Azərbaycanın ən isti rayonlarına yerləşdirdilər. Düşünmədən, o insanların taleyinə biganəlikdən xeyli insan tələf olub, qalanlarına isə ögey münasibət göstərilib. Yalnız Ulu öndər Heydər Əliyev hələ SSRİ dövründə - 1969-cu ildə Azərbaycana rəhbərliyə başlayandan sonra, Qərbi Azərbaycanlılara yaşayış şəraiti yaradılıb.
Ötən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəli Azərbaycanda rəhbərlikdə olan insanlar diqqətli olsaydılar, xüsusilə Ermənistanda azərbaycanlılar yaşayan kəndlərdə onlara sahib çıxan olsaydı, yerli əhali bir qarış torpağı belə verməzdi. Ermənilər azərbaycanlılardan qorxurdular, çəkinirdilər. Amma onların silahsız olmaqlarından istifadə edib, bir-bir bütün kəndləri boşaltdılar və tarixi torpaqlarımızı işğal etdilər.
Ulu öndər 13 sentyabr 2002-ci ildə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Göyçədən olan qaçqınlarla görüşdü. Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Ümummilli Lider Heydər Əliyev bütün varlığı ilə insanları inandırdı ki, "Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm. Mən buna inanıram."
Bu gün şübhəsiz ki, oradan olan insanların ən müqəddəs arzusu odur ki, ata-baba torpağımıza qayıdaq. Qərbi Azərbaycan İcmasının bütün fəaliyyəti bu istiqamətdə proqramlaşdırılıb.
Möhtərəm Cənab Prezidentin bilavasitə diqqəti, dəstəyi ilə bu qurumun yaranması Qərbi azərbaycanlıların öz ana vətənlərinə qayıdışının bünövrəsini qoydu. Və bu istiqamətdə çox ciddi işlər aparılır. Mən əminəm ki, biz Qərbi Azərbaycana qayıdacağıq. Ancaq fikirləşirik ki, bizim qayıdışımız müharibə yolu ilə yox, sülh danışıqları ilə başa çatsın. Necə ki, “Dəmir Yumruq” – Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı azad etdi. Otuz ilə yaxın didərginlik həyatı yaşamaq məcburiyyətində qalan insanlarımız yurd yerlərinə qayıdırlar. Prezidentimizin dəmir iradəsi sayəsində biz Qərbi azərbaycanlılar da doğma torpaqlarımıza qayıdacağıq.
- 2001-ci ildə qəbul edilən bu Fərman Ermənistan ərazisindən didərgin salınmış azərbaycanlıların problemlərinin həllinə dövlət yanaşmasında hansı dönüş yaratdı və bu sənədin bugünkü “Böyük Qayıdış” siyasəti baxımından tarixi əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Bu gün Ulu Öndər ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Azərbaycan dünyada yüksək nüfuza sahib ölkəyə, etibarlı tərəfdaşa və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Xüsusilə hər bir azərbaycanlının ən ümdə arzusu reallığa qovuşaraq işğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdışla nəticələnib.
Haqqında söhbət etdiyimiz Fərmanda əsasən məskunlaşma problemlərinin həlli müddəaları yer alsa da əslində bu Prezident İlham Əliyevin xeyir-duası ilə yaradılan Qərbi Azərbaycan İcması tərəfindən uğurla həyata keçirilən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təməl prinsiplərindən biridir. Bu Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.
- 1997-ci il dekabrın 18-də Prezident Heydər Əliyevin “1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmanı ilə bir əsrdə 4 dəfə deportasiya olunan soydaşlarımıza qarşı törədilən bu vandalizmlərə ilk hüquqi-siyasi qitymət verildi. Sizcə, bu Fərmanın həmin tarixi hadisələrin öyrənilməsi və sonrakı illərdə Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəvidə gündəmə gətirilməsi baxımından hansı mühüm əhəmiyyəti oldu?
- Prezident Heydər Əliyevin ali hakimiyyətə ikinci dəfə gələndən sonra imzaladığı ən fundamental sənədlərdən biri də "Azərbaycanlıların deportasiyası haqqında" Fərman idi. 1997-ci il dekabrın 18-də imzaladığı bu sənədlə o, azərbaycanlıların deportasiyasına ilk dəfə olaraq tarixi-siyasi qiymət verdi. Əslində, bu, təsadüfi bir qərar deyildi, Ulu Öndər Heydər Əliyev hələ 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin Birinci sessiyasındakı çıxışında tarixi ədalətin bərpası uğrunda mübarizəmizin xəritəsini cızmış, bu məsələ ilə bağlı Azərbaycan dövlətinin milli strategiyasını irəli sürərək demişdi: "1918-ci ildə Azərbaycan Respublikasının ərazisi 114 min kv. kilometr olub. İndi isə 86 min kv. km-dir. Gör əlimizdən nə qədər torpaqlar gedib. Əsrlər boyu Vətən, torpaq anlayışı xalqımızın ləyaqətini, mənliyini, şərəfini əks etdirib. Xalq öz torpağının müqəddəsliyini qorumaq üçün onun uğrunda ölüm-dirim mübarizəsi aparıb. Ulu babalarımız Vətən torpağının hər bir qarışını namus simvolu kimi qoruyub, onun yolunda canlarını və övladlarını qurban verməkdən belə çəkinməyiblər. Təəssüf ki, biz bu ənənələri unuduruq. Buna artıq dözmək olmaz”. O, bütün varlığı ilə inanırdı ki, bir gün tarixi ədalət zəfər çalacaq və insanlar öz yurd-yuvasına mütləq geri dönəcək.
Bu idealları özündə ehtiva edən Qərbi Azərbaycan İcması həm tarixi həqiqətlərin, həm tarixi abidələrimizin, həm də ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlərin, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı faktları özündə əks etdirən rəqəmsal platformalar hazırlayır və həyata keçirir. 2023-cü ilin martında Birləşmiş Millətlər Təşkilatının katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb.
Qayıdış Konsepsiyasının BMT-nin əsas orqanlarının sənədləri kimi yayılması Qərbi azərbaycanlıların sülh yolu ilə öz doğma torpaqlarına qayıtması yolunda böyük uğurdur. Sülhpərvər və tamamilə beynəlxalq hüquqa uyğun olan konsepsiyanın BMT-də rəsmi sənəd kimi yayılması Ermənistan hökumətinin Qərbi Azərbaycan mövzusunu təhrif etməsi imkanlarını daha da azaldır, bu ölkəni bir növ İcma ilə danışıqlara başlamağa çağırır və bu mövzuda beynəlxalq prosesin başlanmasını təşviq edir.
- Qərbi Azərbaycan İcmasının yaradılması və 2022-ci il dekabrın 24-də cənab Prezident İlham Əliyevin bir qrup Qərbi azərbaycanlı ziyalı ilə görüşü tarixi-irsi ənənəviliyi ilə yanaşı qarşıda duran məsələlərin həlli baxımından daha qlobal miqyas aldığı məlumdur. Görüşün iştirakçılarından olan Qərbi azərbaycanlı kimi bu barədə nə demək istərdiniz?
- Dünənə qədər bir çox məmurlarımızın, ziyalılarımızın, hətta alimlərimizin ehtiyatla işlətdiyi, bir çoxlarının isə işlətməyə belə qorxduğu, hətta inkar etdiyi "Qərbi Azərbaycan" anlayışını da məhz Ulu Öndər Heydər Əliyev cəsarətlə siyasi leksikonumuza gətirmişdir. 10 dekabr 1998-ci ildə Bakıda "İslam sivilizasiyası Qafqazda" mövzusunda keçirilən beynəlxalq simpoziumun iştirakçılarının böyük bir qrupu ilə görüşdə çıxışı zamanı Ulu Öndərimiz demişdi: "İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan-İrəvan mahalı, Göyçə mahalı, Zəngəzur mahalı - bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir".
Böyük ZƏFƏRimizdən sonra, belə bir həlledici dönəmdə Qərbi Azərbaycan icmasının yaradılması tarixi zərurət idi. Ölkənin sayılıb-seçilən ziyalıları – Qərbi Azərbaycanın görkəmli şəxsiyyətləri Qayıdış Konsepsiyası ətrafında sıx birləşiblər.
2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının yeni inzibati binasında İcmanın rəhbərliyi və bir qrup nümayəndəsi ilə görüşü zamanı etdiyi proqram xarakterli çıxışında Ulu Öndərin bu inamının gerçəkliyə çevrilməsi yolunda irəliyə doğru möhtəşəm tarixi addım ataraq elan etdi: "Biz o torpaqlara mütləq qayıdacağıq". Bu, bizim üçün ulu öndər Heydər Əliyevin vəsiyyəti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin göstərişidir. Bəli, biz mütləq o torpaqlara qayıdacağıq!
Qərbi Azərbaycan İcmasının təsis olunmasından 4 ilə yaxın vaxt keçib. Bu müddət ərzində çox böyük işlər görülüb. Qərbi Azərbaycandan olan elm, təhsil, mədəniyyət sahəsində çalışan çoxlu ziyalılar, ağsaqqallar var. Vətən həsrətli həmyerlilərim çox böyük coşqu ilə icmada işləyirlər. İcmada Ağsaqqallar Şurasına rəhbərlik etmək həm böyük məsuliyyətdir, həm də şərəfli işdir. Möhtərəm cənab Prezident 2022-ci il 24 dekabrda Qərbi Azərbaycan İcmasının inzibati binasına gəldi və ziyalılarla görüşdü. Həmin görüşdə iştirak edirdim, mənə də söz verildi, bir Qərbi Azərbaycanlı kimi öz fikirlərimi dedim.
Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən prezident İlham Əliyev belə bir siyasi platformanı ən yüksək səviyyədə davam etdirərək, Qərbi Azərbaycandan deportasiya olunmuş insanların bir araya gəlməsi üçün belə bir icmanı təsis edib. Qərbi Azərbaycanlıların nəinki ölkə daxilində, həm də ölkə xaricində hərtərəfli fəaliyyət göstərməsi üçün münbüt şərait yaradılıb. Qısa bir müddətdə Qərbi Azərbaycan icmasının geniş miqyaslı konsepsiyası işlənilib, hazırlanıb. Həm respublika, həm də Azərbaycandan kənarda tədbirlər planı nəzərdə tutulub. Respublikamızın rayonlarında Qərbi Azərbaycan icmasının şöbələrini yaradırıq. Bir neçəsinin açılışında mən də iştirak etmişəm. Eləcə də, Azərbaycandan kənarda – Türkiyədə, Rusiyada xeyli Qərbi Azərbaycanlı yaşadığına görə, həmin yerlərdə də şöbələrimizi yaratmışıq. ABŞ-da, Avropada yaşayan Qərbi Azərbaycanlılarla əlaqələr qururuq, həmin ölkələrdə nümayəndəliyimizin yaradılması istiqamətində iş aparırıq.
Konkret olaraq, icmanın Ağsaqqallar Şurasında son dərəcə intellektual insanlar toplaşıb, bir neçə akademik, professor, elm, mədəniyyət sahəsinin görkəmli nümayəndələri bizim icmamızda birləşib, bizimlə birgə böyük işlər görürlər. Ağsaqqallar Şurası Ulu Öndərin yubileyləri ilə bağlı həm icmada, həm də rayonlarda tədbirlər keçirmişik. Biz Ümummilli Liderin tarixi xidmətlərini hər zaman qeyd edəcəyik. Çünki bu tarixi Şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Qərbi Azərbaycanlıların qayğısına qalıb, onlara dəyər verib.
Hazırda icmamıza böyük bir axın var, sıralarımız get-gedə genişlənir. Əsas məqsədimiz, təkrar edirəm, Ağsaqqallar Şurasının da qarşısına qoyduğu başlıca məram dədə-baba torpaqlarımıza, ocağımıza, yurdumuza qayıtmaqdır. Onu da deyim ki, Qərbi Azərbaycan icmasının yaranması Ermənistanda böyük səs-küyə səbəb olub, ermənilər qorxuya düşüblər. Oranın baş naziri bir neçə dəfə deyib ki, Azərbaycan Ermənistana ərazi iddiası edir. Amma biz deyirik ki, Qayıdış konsepsiyası ərazi iddiası deyil, biz istəyirik ki, sülh yolu ilə tarixi torpaqlarımıza – ata-baba yurdumuza qayıdaq. Çünki biz əsrlər boyu həmin torpaqların sahibi olmuşuq.
Ermənilər isə beynəlxalq miqyasda yenə də yalan üstündə qurulan ssenariləri ilə haray qoparırlar.
Bu baxımdan Ermənistan öz çirkin əməllərinə görə beynəlxalq cinayət məsuliyyəti daşıdığı halda xaricdən aldıqları “motivasiya” ilə yenə də bəzi dairələr revanşist şüarlar səsləndirməkdədir. Onların hər şeydən əvvəl unutmağa çalışdığı bir dərs var. Bu dərsin adı DƏMİR YUMRUQdur!
Bizim heç kimdən torpaq iddiamız yoxdur. Tarixi torpaqlarımız hesabına qurulan Ermənistanın təcavüzkar, torpaq iddiası insanlarımızı rahat yaşamağa qoymadı. Qaçqınlıq, didərginlik həyatı böyük bir nəslin taleyinə yazıldı. Elə buna görə də, Qərbi Azərbaycan icması yorulmadan bu yolda çalışır və böyük bir ümidlə Qərbi Azərbaycanlıların qayıdışına inanırıq.