logo
logo logo
logo

Qubadlının azadlığından Böyük Qayıdışa – Deputat danışdı

12:05 - 25 Oktyabr 2026

Qubadlının azadlığından Böyük Qayıdışa – Deputat danışdı

2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusu Qubadlı şəhərini Ermənistanın işğalından azad edərək xalqımızın Zəfər salnaməsinə daha bir şanlı səhifə yazdı. Bu tarixi qələbə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, ordumuzun yüksək döyüş qabiliyyəti, hərbçilərimizin misilsiz qəhrəmanlığı və şəhidlərimizin canı-qanı bahasına əldə olundu. Bu gün Qubadlıda Azərbaycan bayrağının dalğalanması, doğma yurdun öz tarixi sahiblərinə qovuşması xalqımızın sarsılmaz iradəsinin və ədalətin təntənəsinin bariz ifadəsidir.


Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Qubadlının azad edilməsi Vətən müharibəsinin gedişində mühüm hərbi-strateji əhəmiyyət daşıyıb:

“Şəhərin əlverişli coğrafi mövqeyi və ətraf yüksəkliklər düşmən üçün ciddi müdafiə imkanları yaradırdı. Buna görə də Qubadlının azad olunması Azərbaycan Ordusundan xüsusi peşəkarlıq, dəqiq planlaşdırma və böyük fədakarlıq tələb edirdi. Qubadlı əməliyyatı hərbçilərimizin yüksək döyüş məharətini, cəsarətini və peşəkarlığını bir daha nümayiş etdirdi. Ermənilər Qubadlıda güclü istehkamlar qurmuş, strateji yüksəkliklərdə hərbi birləşmələr yerləşdirmişdilər. Şəhərin azad edilməsi üçün, ilk növbədə, həmin yüksəkliklər nəzarətə götürülməli idi. Çünki düşmən bu mövqelərdən hərbçilərimizə müntəzəm olaraq atəş açırdı. Ordumuzun uğurlu hərbi əməliyyatları nəticəsində əvvəlcə şəhərə hakim olan yüksəkliklər düşməndən təmizləndi, daha sonra ətraf kəndlər və strateji mövqelər nəzarətə götürüldü. Xanlıq, Padar və Sarıyataq kəndlərinin azad edilməsi də əməliyyatın uğurla həyata keçirilməsində mühüm rol oynadı. Yenilməz Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən düşmən ciddi canlı qüvvə və texnika itkisi verərək tarixi torpaqlarımızdan geri çəkilməyə məcbur oldu. Qubadlının azadlığı bir daha sübut etdi ki, Azərbaycan xalqının iradəsi, ordumuzun gücü və dövlətimizin qətiyyəti qarşısında heç bir maneə dayana bilməz”.

S.Salmanova bildirib ki, Ermənistan işğal dövründə Azərbaycanın digər ərazilərində olduğu kimi, Qubadlı rayonunda da beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirib:

“İşğal illərində Ermənistan rəhbərliyi xaricdən gələn erməniləri Qubadlı rayonunun Xanlıq kəndində qanunsuz şəkildə məskunlaşdırmışdı. Bu addımlar işğal olunmuş ərazilərin demoqrafik mənzərəsini dəyişdirmək, Azərbaycanın tarixi və mədəni irsinə zərər vurmaq siyasətinin tərkib hissəsi idi. Beynəlxalq hüquq normaları və beynəlxalq humanitar hüququn prinsipləri işğalçı dövlətin belə əməllərini yolverilməz hesab edir. Təəssüf ki, işğal dövründə beynəlxalq təşkilatlar və dünya dövlətləri Ermənistanın qanunsuz əməllərinin qarşısını almaq, beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsini təmin etmək üçün təsirli tədbirlər görmədilər. Cəzasızlıq mühiti Ermənistanın beynəlxalq hüququ pozan addımlarını davam etdirməsinə şərait yaratdı. Azərbaycan isə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yanaşı, tarixi ədaləti də özü təmin etdi. Qubadlının azad edilməsi bu baxımdan yalnız hərbi qələbə deyil, həm də uzun illər davam edən ədalətsizliyə son qoyulmasının təcəssümüdür”.

Millət vəkili Qubadlının azadlığı uğrunda döyüşlərdə iştirak edən hərbçilərin qəhrəmanlığının dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini də diqqətə çatdırıb. 

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 15 mindən çox hərbiçi “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib: “Dövlətimizin şəhidlərin xatirəsinə, qazilərin və müharibə iştirakçılarının xidmətlərinə verdiyi yüksək qiymət Azərbaycanın Zəfər tarixinin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təltiflər Vətən uğrunda döyüşən hər bir hərbçinin fədakarlığının dövlət səviyyəsində tanınmasının və qəhrəmanlıq salnaməmizin əbədiləşdirilməsinin göstəricisidir”.

S.Salmanova xatırladıb ki, Prezident İlham Əliyevin 2025-ci il iyulun 31-də imzaladığı sərəncamla Vətən müharibəsində əldə edilmiş tarixi qələbənin əbədiləşdirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Həmin sərəncama əsasən, oktyabrın 25-i Qubadlı şəhəri günü kimi müəyyən olunub.

Millət vəkili qeyd edib ki, Qubadlının azad edilməsi ilə bu torpaqlarda yeni həyatın başlanması üçün tarixi zəmin yaranıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə rayonda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir/

“Uzun illər işğal altında qalan Qubadlı rayonu və onun kəndləri Ermənistan tərəfindən dağıntılara məruz qalıb, yaşayış məntəqələri viran edilib, infrastruktur məhv olunub. Lakin bu gün həmin torpaqlarda həyat yenidən canlanır. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Qubadlıda müasir nəqliyyat, enerji və digər sosial-iqtisadi infrastruktur layihələri icra olunur, ərazinin gələcək inkişafı üçün möhkəm təməl yaradılır. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi imkanlarını, dövlətimizin gücünü və xalqımızın qurub-yaratmaq əzmini nümayiş etdirir. Bu torpaqlarda yeni yolların çəkilməsi, infrastrukturun yenilənməsi və yaşayış məntəqələrinin bərpası Böyük Qayıdış prosesinin uğurla həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Əsas məqsəd insanların doğma yurdlarına təhlükəsiz və layiqli şəkildə qayıtmalarını, burada rahat yaşamalarını və öz gələcəklərini qurmaqlarını təmin etməkdir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimiz, o cümlədən Qubadlı şəhəri ən müasir standartlara uyğun şəkildə yenidən qurulacaq. Bir zamanlar məcburi köçkünlük ağrısı yaşayan insanlar doğma torpaqlarında yeni həyat quracaq, Qubadlı əvvəlki şöhrətini bərpa etməklə yanaşı, Azərbaycanın inkişaf edən şəhərlərindən birinə çevriləcək”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az