Ordumuz separatçıları BLOKADAYA ALDI - Xankəndiyə daxil olmaq AN MƏSƏLƏSİDİR

10:06 - 25 Aprel 2023

Ordumuz separatçıları BLOKADAYA ALDI - Xankəndiyə daxil olmaq AN MƏSƏLƏSİDİR

Dəfələrlə xəbərdarlıqlara baxmayaraq Ermənistandan Qarabağdakı qanunsuz silahlı dəstələr üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını davam etdirən rəsmi İrəvan Bakının səbrinin bir yerə qədər olduğunu görünür unutmuşdu. Müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanın üzdə bir, arxada isə fərqli qiyafədə nəsə əldə etməyə çalışması cəhdlərinin əvvəl-axır Azərbaycanın səbrini yenidən daşıracağının anonsunu elə dövlət başçısı İlham Əliyev az qala hər çıxışında səsləndirirdi. 

Bu zamana kimi - 10 noyabr üçtərəfli bəyanatından üzü bu yana Ermənistan baş naziri Nikol Paşinyan 3 il ərzində götürdüyü öhdəliklərə, verdiyi sözlərə, atdığı imzaya sadiq olduğunu sübut edəcək heç bir praktiki addımı ilə yadda qalmadı. Əksinə olaraq Azərbaycan Ermənistan hərbi-siyasi rəhbərliyindən İkinci Qarabağ müharibəsindən sonra da ancaq yalan, manipulyasiya, sülh danışıqlarına destruktiv yanaşmadan başqa heçnə görmədi. 

Paşinyan hər ötən gün sanki Bakının inam-etimadını biraz daha qırmaqla, azacıq da olsa sülh danışıqları, öhdəliklər istiqamətindəki ümidlərinin üstündən xətt çəkməklə məşğul idi. Amma rəsmi Bakı proseslərin bu cür inkişafından qane ola bilməzdi. Bu proseslərdə isə Rusiya sülhməramlılarının tez-tez adlarının hallanması isə bir çox suallar yaradır. Çünki bu vaxta kimi Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşmalarda, eləcə də münaqişənin bitdiyinin elanı hesab edilən 10  noyabr bəyanatının imzalanmasında əsas vasitəçiliyi məhz Moskva öz üzərinə götürüb.

Lakin sülh danışıqlarının yenidən aktuallaşdığı ərəfədə bu dəfə Rusiya sülhməramlı kontingentinin hamiliyi ilə Ermənistandan Qarabağdakı müvəqqəti nəzarət zonalarında hələ də mövcud olan qondarma rejim qalıqlarının tabeçiliyindəki qanunsuz silahlı birləşmələrin silahlandıırlması, onların hər cür təminatla təchiz edilməsi istiqamətindəki fəallığı Azərbaycanı zəruri tədbirlər görməyə sövq etdi.

Belə ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. 

Bu, bizə nə vəd edir?

1. Azərbaycan DSX-nin Laçın yolunda sərhəd məntəqəsinin yaradılması Qarabağın üzərində suverenliyimizin de-fakto bərpasında növbəti böyük addımdır. Eyni zamanda, dövlət təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyətli tədbirdir. 

2. Bunlarla bərabər, Laçın sərhədində məntəqənin qurulması Azərbaycana qarşı aparılan məlum və naməlum geosiyasi oyunların çərçivəsini ciddi dərəcədə daraldır. Bu isə, 2020 il 10 noyabrın nəticəsində yaranmış yeni regional reallıqların və "daşların" 2023 ildə (xeyrimizə) oturması deməkdir.

3. Sonuncu və ən vacib məsələ: Beləliklə ermənilərin uzun illər boyu təbliğatını apardığı, xəyallarını qurduğu "Böyük Ermənistan", "Miatsum" (Azərbaycan torpaqları hesabına "birləşmiş" erməni dövlətinin yaradılması ideyası) ideyaları məhv edildi.

Lakin Azərbaycan tolerant, çox millətli bir ölkə olaraq öz humanizmini, mərhəmətini, böyüklüyünü müharibənin gedişatında olduğu kimi postkonflikt dövrünün ən vacib mərhələlərindən biri hesab edə biləcəyimiz hazırki məqamda da də bütün dünyaya nümayiş etdirir. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da qeyd edildiyi kimi, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin keçidi üçün müvafiq şərait yaradılacaq. Üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq. Biraz da konkretləşdirsək, Ermənistandan Xankəndinə və əks iqtiqamətdə getmək istəyənlər ilk növbədə Azərbaycan sərhədçilərinin yoxlanışından keçməli olacaqlar.

Hər şeyi yenidən başlayır...

Hə, burada ən maraqlı məqamlardan biri Qarabağ erməniləri Laçında qurulan sərhəd keçid məntəqəsini hansı ölkənin pasportu ilə keçəcəyidir. Beynalxalq hüquqa görə vətandaşlıq pasportu olmayan insan yalnız bir istiqamətə göndərilir, yəni ölkədən deport edilir. Bu isə o deməkdir ki, Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsi prosesi sərhəd-keçid məntəqəmizin qurulması ilə daha da sürətləndi. Bu proses istənilən halda Azərbaycan üçün qazancdan başqa bir şey verməyəcək. Çünki Azərbaycan qanunvericiliyi çərçivəsində Azərbaycan ərazisində qalıb yaşamaq istəyən erməni vətəndaşlığımızı qəbul etməklə bu keçid məntəqəsindən çox rahatlıqla keçərək Ermənistana, oradan da Azərbaycana - Qarabağa qayıda biləcək. Əks mövqedən çıxış edəcək ermənilər üçün isə halqa çox daraldı. Ya Azərbaycan vətəndaşı kimi qalıb yaşayacaqlar, ya da Ermənistana son yolculuqlarını edəcəklər. 

Bu gediş isə separatçıların Rusiya sülhməramlılarından xahiş edərək Qarabağı tərk etmələri üçün Azərbaycanın ya dəhliz açması ilə nəticələnəcək, yaxu da tamamilə blokadaya alınmış qanunsuz erməni separatçılarının Ordumuz tərəfindən tərki-silah edilməsi üçün local hərbi əməliyyatlara başlamasına rəvac verəcək. Hər halda bu iki variantdan hansını seçəcəklərini yaxın gələcək göstərəcək. Çünki artıq qondarma rejim qalıqlarının nə o zamanı qaldı, nə də manevr üçün seçimləri.

Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında (Azərbaycan Laçın yolunun girişində) sərhəd-buraxılış məntəqəsinin qurulmasını növbəti - daha sürətli proseslərlə zəngin mərhələnin də başlanğıcı adlandıra bilərik. Azərbaycan sərhədləri daxilində bütün proseslərin Azərbaycan qanunverciliyi, onun konstitutsiyası ilə tənzimləndiyini nəzərə alsaq, bundan sonrakı proseslərin Qarabağda Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi baxımından olduqca daha rahat şəkildə icra ediləcəyini düşünməyimizə imkan verir. Nəzərə alsaq ki, Azərbaycan xüsusi karantin rejiminin vaxtını uzatmaqla quru sərhədlərin açılması məsələsini də yenidən təxirə saldı. Bu məqam isə imkan verir ki, Azərbaycan öz legitim ərazisində, öz ərazisində karantin rejimini tamamilə tətbiq etsin. Yəni ehtimal edə bilərik ki, Laçında qurulan sərhəd-keçid məntəqəmiz də karantin rejimini tətbiq edəcək və Ermənistanla "quru" gediş-gəlişə müvəqqəti olaraq "stop" qoyulacaq. Əgər bu qayda-qanun İranla, Rusiya ilə, Gürcüstan ilə, qardaş Türkiyə ilə keçərlidirsə, Ermənistanla sərhəddimizdə niyə tətbiq edilməsin?!

Atabəy Türkel

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az