Prezident İlham Əliyev bir neçə gün öncə Naxçıvandakı Uzunoba gölündə boğulan uşağı xilas edən mərhum polis Vüsal Quliyevlə bağlı Sərəncam imzalayıb.
Manset.az xəbər verir ki, Sərəncama əsasən, öz həyatı təhlükə altında olduğu halda insan həyatını xilas etdiyinə görə polis baş serjantı Vüsal Əbülfəz oğlu Quliyev “İgidliyə görə” medalı ilə təltif edilib (ölümündən sonra).
Xatırladaq ki, iyulun 21-də xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vüsal Əbülfəz oğlu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib. Daha sonra uşağın anası, 1984-cü il təvəllüdlü Səadət Elman qızı Aslanlını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüb.