“Azərbaycanla Gürcüstan sadəcə qonşu ölkələr deyillər, strateji tərəfdaş, yaxın dost ölkələrdirlər. Hər iki ölkə strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələr üzrə inkişafında maraqlıdırlar. Bunu Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gürcüstana bir neçə gün öncə reallaşan səfəri zamanı hər iki dövlətin liderinin bəyanatlarında əksini tapan fikirlər bir daha təsdiq etdi”.
Bu barədə Milli Məclisin deputatı Aydın Hüseynov Manset.az-a açıqlama verib.
A.Hüseynovun sözlərinə görə, təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin indiyə qədər ən çox rəsmi səfər etdiyi dövlətlərdən ilk beşlikdə Gürcüstan yer tutur. Hər iki dövlət daim bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü dəstəkləyib, beynəlxalq platformalarda br-birinə dəstək veriblər. Prezident İlham Əliyevin Qaqaz Evi ideyasının həyata keçməsini ölkələrimizin bir-biri ilə dost münasibətlər, strateji tərəfdaşlıq münasibətləri gec-tez reallaşdıracaq. Cənab İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında bu məqamları da xüsusi vurğulaması təsadüfi deyildi: “Eləcə də Gürcüstan liderinin ən sıx rəsmi səfərlər etdiyi dövlətlərdən biri Azərbaycandır. Hər iki dövlətin strateji tərəfdaşlıq münasibətlərinin əsası ulu Öndər Heydər Əliyev və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze tərəfindən qoyulub. Bu münasibətlər ildən-ilə dərinləşib, şaxələnib. Prezident İlham Əliyevin uğurlu xarici siyasət vektorunda dost Gürcüstanla sıx əlaqələr, dostluq münasibətlərinin gücləndirilməsi daim prioritetlərdən olub. Cənubi Qafqazın bu iki dövləti arasında münasibətlər dünya dövlətləri üçün nümunə kimi qəbul edilən faktorlardan hesab edilir.
Azərbaycanla Gürcüstan əlaqələrinin daim yüksək səviyyədə olması , dostluq münasibətlərinin dinamikası, enerji layihələri hər iki dövlətin mənafeyinə xidmət edir. Həmçinin bu münasibətlər bölgədə sülhün, əminamanlığın təminatlarından biridir. Prezident İlham Əliyev Gürcüstanda bəyan etdi ki, iki dost ölkənin strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi üçün bizdə həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır. Eləcə də Gürcüstanın baş naziri İrakli Qaribaşvili də ölkələrimiz arasında münasibətləri qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri kimi xarakterizə etdi. Ölkələrimizin bir-biri ilə bütün sahələri əhatə edən, dərin tarixi köklərə dayanan əlaqələri müstəqilliyimizin daha da möhkəmlənməsində rol oynayır”.
Deputat vurğulayıb ki, Azərbaycan-Gürcüstan birgə əməkdaşlığından, birgə meqalayihələrindən bu dövlətlərlə yanaşı, regionun digər ölkələri, Avropa dövlətləri də uzun illərdir faydalanırlar. Bu amil də Azərbaycan və Gürcüstanın mövqelərini möhkmələndirir.