Zəfərə aparan yol - Deputat yazır

16:40 - 12 Oktyabr 2023

Zəfərə aparan yol - Deputat yazır

20 il bundan öncə 15 oktyabr tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqımızın mütləq əksəriyyətinin səsini qazanaraq müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.

Bildiyimiz kimi 1991-ci ildə itirilmiş müstəqilliyimizi bərpa edərək azad və suveren yaşamaq, müstəqil dövlətimizi yaratmaq imkanı əldə etdik. Lakin təəssüflər olsun ki, hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi nəticəsində Azərbaycan müstəqilliyinin ilk illərində bir sıra çətinliklərlə üz-üzə qaldı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. Bu isə ölkədə ictimai-siyasi gərginliyin, özbaşınalığın, xaosun hökm sürməsinə və torpaqlarımızın işğalına gətirib çıxardı. Belə bir zamanda xalqımızın çağırışına səs verən Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkədə sabitlik bərqərar oldu və dövlətçiliyimizin yeni dövrünün əsası qoyuldu.

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına 2003-cü il 1 oktyabr tarixli müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirdi və bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına dərin inamını diqqətə çatdırdı. Cənab İlham Əliyevin ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, yüksək intellekti və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün ali keyfiyyətlərə sahib olması onun şəksiz qələbəsini səciyyələndirirdi.

Azərbaycan xalqı Prezident cənab İlham Əliyevə səs verərək sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu bir daha nümayiş etdirdi. Dünyanın ən gənc prezidentlərindən biri kimi fəaliyyətə başlayan cənab İlham Əliyev çox qısa bir zamanda bütün dünyada böyük hörmət və nüfuz qazandı. Onun yürütdüyü uğurlu və uzaqgörən siyasət nəticəsində Azərbaycan yeni mütəffiqlər qazandı və beynəlxalq arenada söz sahibi olan dövlətlərdən birinə çevrildi.

Son 20 ildə dövlət başçımızın rəhbərliyi ilə ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi və yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atıldı.  Ölkədə sosial-iqtisadi tərəqqinin davamlı dinamikasını təmin etmək üçün qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi, infrastruktur obyektlərinin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyuldu. Prezident cənab İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlərdən söz açmamaq mümkün deyil. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər ölkəmizdə demokratik cəmiyyətin inkişafına töhfə verir.

Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 20 ildə ordu quruculuğu, silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılması və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, ordumuz dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə silahlı qüvvələrimiz 3 il öncə torpaqlarımızı 30 illik işğaldan azad etdi və işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Çoxəsrlik dövlətçiliyimizdəki bu ən böyük Qələbə Prezident cənab İlham Əliyevin gərgin əməyinin, müdrik diplomatiyasının və qətiyyətinin nəticəsi idi. Ötən ay Qarabağda keçirilən antiterror tədbirlərinin zəfərlə başa çatdırılması nəticəsində suverenliyimizi bərpa etdik.  Prezident cənab İlham Əliyevin siyasətinin şah əsəri olan ərazi bütövlüyümüzün bərpa olunması müstəqillik tariximizin ən parlaq səhifəsinə qızıl hərflərlə yazıldı.

Bu gün cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün möhtəşəm layihələr reallaşdırılır.

Cənab Prezidentin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Əminliklə bildirirəm ki,  Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı olan cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan daha da inkişaf edəcək və böyük uğurlara imza atacaqdır.

 

Emin Hacıyev

Millət Vəkili


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az