Sanatoriyalara və istirahət
mərkəzlərinə yollayış əldə etmək istəyənlər Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının “Kurort” Turizm İnformasiya Mərkəzinə (012) 492-50-10, (012)
492-75-53, (050) 328-38-77, (050) 328-38-11 nömrəli telefonlarla və ya QR vasitəsilə
qeydiyyatdan keçməklə müraciət edə bilərlər.
Manset.az xəbər verir ki, müraciətlərin operativ
cavablandırılması və məmnunluğun təmin edilməsi məqsədilə “Kurort” Turizm
İnformasiya Mərkəzində Çağrı Mərkəzi yaradılıb və hazırda 35-dən çox əməkdaş
xidmət göstərir.
İyun ayından etibarən E-AHİK
elektron rezervasiya sisteminin də istifadəyə verilməsi planlaşdırılır. Bununla
da, yollayışları tam elektronlaşdırılmış qaydada əldə etmək imkanı da yaradılacaqdır.
Müraciət qəbul edildikdən
sonra təsdiq və ya imtina barədə məlumat verilir, təsdiq edildikdə ödəniş
rekvizitləri təqdim edilir və ödəniş həyata keçirildikdən sonra elektron
yollayış müraciət edən şəxsin elektron poçt ünvanına göndərilir.
Əgər istirahət mərkəzi seçilibsə
və həmin istirahət mərkəzi ilə müqavilə mövcud deyilsə və ya seçilən tarixlərdə
boş yer yoxdursa, alternativ variantlar təklif olunur.
Qeyd edək ki, Mərkəz fəaliyyətə
başladığı 25 noyabr 2024-cü ildən indiyədək 22 mindən artıq müraciət qəbul olunub
və 15 mindən çox yollayış verilib. Digər müraciətlər hazırda baxılmaqdadır.
Yollayışların verilməsində tətbiq
olunan bu yeniliklər növbəlilik prinsipinə əsaslanmaqla sanator-kurort xidmətlərinin
keyfiyyətinin artırmasına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə
xidmət edir.