- Rusiyalı alimlər Xəzər dənizinin şimal hissəsində su səviyyəsinin aşağı düşməsi nəticəsində yeni bir adanın meydana gəldiyini təsdiqləyiblər. Adaya hələlik hər hansı ad qoyulmayıb, lakin bu istiqamətdə iş aparılır.
Manset.az Trend.az-a istinadən xəbər verir ki, bu haqda Rusiya KİV-ə Rusiya Elmlər Akademiyasının P.P.Şirşov adına Okeanologiya İnstitutunun mətbuat xidmətindən məlumat verilib.
"REА-nın Okeanologiya İnstitutu, Oİ-nin Xəzər filialı və Astraxan Dövlət Qoruğunun birgə ekspedisiyası zamanı alimlərə Şimali Xəzərdə, Kiçik Mirvari adasından 30 km cənub-qərbdə yerləşən yeni bir adanın mövcudluğunu təsdiqləmək mümkün olub.Əvvəlcə bu dayazlığın üzə çıxması 2024-cü ilin noyabrında Oİ-nin Xəzər filialının əməkdaşları tərəfindən kosmik görüntülərdə aşkar edilmişdi, lakin adanın varlığına dair məsələ yaxın vaxtlara qədər mübahisəli olaraq qalırdı. Aşkar edilən ada Xəzər dənizinin səviyyəsinin enməsi və Orta Mirvari dayazlığının suyun səthinə çıxması nəticəsində yaranıb”, – deyə məlumatda bildirilir.
Ekspedisiyanın ada sahillərinə yaxınlaşması mümkün olub, lakin ətrafının dayaz olması və hava şəraiti ilə əlaqədar sahilə enmək mümkün olmayıb. Bununla belə, ada kvadrokopter vasitəsilə çəkilmiş görüntülərdə aydın şəkildə görünür. Yaxın vaxtlarda alimlər tərəfindən yeni yaranmış adanın ilkin təsviri təqdim olunacaq və ona coğrafi adın verilməsi ilə bağlı təkliflər irəli sürüləcək.
Rusiyalı tədqiqatçılar Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi ilə adanın sahəsinin əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırırlar.