Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında Türkiyənin Koç
Universitetinin rəhbərliyi ilə görüş keçirilib.
Manset.az xəbər verir ki, görüşdə Konfederasiya sədri Sahib Məmmədov, Koç
Universitetinin rektoru Metin Sitti, Bakı Ali Neft Məktəbinin rektoru Elmar
Qasımov, Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini icra edən
Yusif Ağayev, həmçinin Akademiyanın professor-müəllim heyəti iştirak ediblər.
Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar
ittifaqlarının fəaliyyəti üçün yaradılmış əlverişli şəraiti diqqətə çatdırıb, dövlət
başçısı cənab İlham Əliyevin həmkarlar ittifaqlarına göstərdiyi xüsusi diqqət və
qayğını vurğulayıb. Bildirilib ki, ölkəmizdə sosial tərəfdaşlıq münasibətləri
inkişaf etdirilərək əmək hüquqlarının müdafiəsində həmkarlar ittifaqlarının
rolu daha da gücləndirilir. Koç Universiteti ilə Əmək və Sosial Münasibətlər
Akademiyası arasında əlaqələrin yaradılmasının önəmini qeyd edən Konfederasiya
sədri qarşılıqlı təcrübə mübadiləsi, təlimlərin təşkili və digər istiqamətlər
üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Koç Universitetinin rektoru Metin Sitti görüşdən məmnunluğunu
ifadə edib, Əmək və Sosial Münasibətlər Akademiyası ilə təhsil və elmi-tədqiqat
sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivlərindən danışıb.
Akademiyanın rektor vəzifəsini icra edən Yusif
Ağayev ali təhsil ocağının fəaliyyətindən, tədrisin keyfiyyətinin yüksəldilməsi
istiqamətində aparılan islahatlardan bəhs edib, Akademiyanın nəzdində yeni
yaradılan İxtisasartırma və Kadrların İnkişafı Mərkəzinin məqsəd və vəzifələri
barədə məlumat verib.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov isə
Koç Universitetinin qabaqcıl proqramlarını, tədris və təlim təcrübəsini
vurğulayaraq, ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələri ilə qarşılıqlı
faydalı münasibətlərin yaradılmasının önəmi barədə fikirlərini bölüşüb.
Görüşdə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası və Türkiyənin Koç
Universiteti arasında Əməkdaşlıq Memorandumunun imzalanması barədə razılıq əldə
olunub.