Bildiyimiz reklam daşıyıcılarının əhatə dairəsi genişlənib. Artıq təkcə küçə lövhələri, televiziya çarxları və radio elanları ilə kifayətlənmirik. Reklam indi birbaşa telefonlarımızdadır — sosial şəbəkələrdə, xüsusilə də influenserlərin paylaşımlarında. Prezident İlham Əliyevin təsdiqlədiyi “Reklam haqqında” Qanuna edilmiş dəyişikliklər isə bu sahədə yeni bir mərhələnin başlanğıcı oldu.
Bundan sonra hər bir influenser və ya bloqer sosial media hesablarında
paylaşdığı reklam məzmununu açıq şəkildə qeyd etməlidir. Yəni “reklam”, “reklam
hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” kimi qeydlər mütləqdir.
Bundan əlavə, influenser özü istifadə etmədiyi məhsulu sanki istifadə edirmiş
kimi təqdim edə bilməz. Və nəhayət, hər bir influenser VÖEN almalı, hüquqi məlumatlarını
paylaşmalıdır. Qanun artıq qüvvədədir.
Amma sual yaranır: bu qanuna əməl olunurmu?
İzləyici kimi son günlərdə bu prosesi diqqətlə müşahidə edirəm. Bəzi
bloqerlər dəyişikliklərə ciddi yanaşsa da, digərləri hələ də #reklamdeyil
etiketi ilə bizi inandırmağa çalışır. Ancaq bir məhsul eyni gündə üç fərqli
bloqerin səhifəsində eyni tərzdə paylaşılırsa, bu “təsadüf” sayıla bilərmi? Bəs
o zaman məhsulun rəsmi səhifəsini paylaşımda işarələmək nə deməkdir? Əgər bu
reklam deyilsə, bəs nədir?
Bəzən bloqerlərə məhsul pul qarşılığında yox, hədiyyə adıyla göndərilir.
Onlar da bunu sadəcə #hədiyyə deyərək paylaşır və bunun reklam olmadığını iddia
edirlər. Amma bu üsul məsuliyyətdən yayınmağın daha rahat və risksiz yoludur.
Pul almamışam deyə, reklam etməmişəm – yanaşması. Halbuki nəticə eynidir: izləyici
yönləndirilir, şirkət qazanır, amma heç kim buna “reklam” demir.
Digər bir məsələ isə “reklam” qeydlərinin görünməz yerlərdə gizlədilməsi ilə bağlıdır. Paylaşım reklam xarakterlidir və üzərində #reklam qeyd olunub, bəs harada? İlk baxışda görünəcək heç bir yerdə rast gəlmirik. Diqqətlə baxsaq, ad hissəsinin altında, yuxarıda gözə çarpmayan şəkildə gizlədilmiş bir #reklam yazısı ilə qarşılaşırıq. Bu, izləyicini avam yerinə qoymaq deyilmi? Yoxsa reklam şirkətləri ilə influenserlər arasında qurulmuş səssiz bir oyunun nəticəsidir?
Bəs travel şirkətləri ilə əməkdaşlıq edən bloqerlərin etdikləri
paylaşımlar? Onlar bunu reklam yox, #tövsiyə kimi təqdim etməklə nə əldə edirlər?
İllərdir izləyicilərdən “mənə filan sahədə məsləhət verin” deyib, daha sonra
guya həmin şirkət və ya məhsulu “siz seçdiniz” deyə təqdim etmirlərmi? Belə
olan halda, “biz vergi ödəyirik” deməklə məsuliyyət bitirmi?
Əgər şəffaflıq və etibarlılıq istəyiriksə, bu sadə suallara dürüst
cavab vermək vacibdir. Reklam varsa, var. Yoxdursa, o zaman bizi inandırmaq
üçün bu qədər səy nəyə lazımdır?
Axı bu məsələdə qazanan da, aldanan da izləyicidir.
Könül Ələsova