Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində “Bəhrəmtəpə-1”, “Bəhrəmtəpə-2” və “İmişli” qum-çınqıl yataqlarında fəaliyyət göstərən karxanaların su obyektinə və yer təkinə vurduğu zərərli təsirlərin müəyyən edilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin, İmişli Rayon İcra Hakimiyyətinin, İmişli Rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşlarından ibarət işçi qrup yaradılıb və nəzarət tədbirləri gücləndirilib.
SİMDNX-dan Manset.az-a verilən məlumata görə, keçirilən nəzarət tədbirləri zamanı çay məcrasında və mühafizə zonasında heç
bir hüquqmüəyyənedici sənədlər olmadan fəaliyyət göstərən karxanalar tərəfindən
çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qayda və
şərtlərin kobud şəkildə pozulduğu, bunun nəticəsində çayın məcrasının kəskin
eroziyaya məruz qaldığı və məcrasının qismən dəyişdiyi müəyyən edilib.
Bildirilir ki, Azərbaycan Dövlət
Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti
Xidməti tərəfindən Azərbaycan Respublikasının Su Məcəlləsinin və bu sahəni tənzimləyən
digər qanunvericilik aktlarının tələblərini pozaraq su obyektlərini və onun
sahil mühafizə zonasını zəbt etməklə qanunsuz fəaliyyət göstərən qum-çınqıl
karxanalarına qarşı tədbirlər görülməsi üçün aidiyyəti qurumlara müraciətlər
edilib. Nəticədə Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində qanunsuz
fəaliyyət göstərən 30-dan artıq karxananın fəaliyyəti dayandırılıb və hasilat
zamanı istifadə olunan qurğu və texnikalar ərazidən çıxarılıb.
Suların İstifadəsinə və Mühafizəsinə
Dövlət Nəzarəti Xidməti hazırda su obyektlərində və onların mühafizə zonasında fəaliyyət
göstərən digər karxanalarla bağlı nəzarət tədbirlərin davam etdirildiyini
bildirir və vətəndaşlardan bu kimi neqativ hallarla
rastlaşdıqda dərhal qurumun sosial media hesabları vasitələri ilə məlumat vermələrini
xahiş edir.