Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın təşəbbüsü, Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “Sıfır Tullantı” Həmrəylik
Marafonu bu dəfə Lənkəranda baş tutub. Layihə 12 avqust – Xəzər Dənizinin Ətraf
Mühitinin Mühafizəsi Gününə həsr edilib.
Aksiya çərçivəsində Xəzər
dənizinin sahil zolağında genişmiqyaslı təmizlik işləri aparılıb və ümumilikdə 768 kiloqram məişət tullantısı toplanılaraq
aidiyyatı üzrə təhvil verilib. Aksiyaya Kapital Bank-ın Lənkəran-Astara
iqtisadi rayonunu əhatə edən filiallarının əməkdaşları, Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin nümayəndələri və könüllülər qoşulub.
Marafonun əsas məqsədi cəmiyyətdə ətraf mühitin qorunmasının
vacibliyini təbliğ etmək, həmçinin sahilyanı bölgələrin ekoloji vəziyyətinə
diqqət çəkməkdir.
Tədbir zamanı açılış nitqi ilə çıxış edən Qırmızı Ürəklər
Fondunun prezidenti Yusif Poladov bildirib ki Xəzər dənizi xalqımızın ən dəyərli
təbii sərvətlərindən biridir və onun qorunması hər birimizin mənəvi borcudur.
“Sıfır Tullantı Həmrəylik Marafonu yalnız təmizlik aksiyası olmaqla məhdudlaşmır.
Bu layihə cəmiyyətdə ekoloji məsuliyyət və təbiətə qayğı mədəniyyətinin
formalaşmasına xidmət edən genişmiqyaslı ictimai hərəkatdır. Məqsədimiz təbiətə
sahib çıxmaq və gələcək nəsillərə daha sağlam ekoloji mühit bəxş etməkdir”.
Ətraflı məlumat: https://shorturl.at/9K9p2
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci
ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə
başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin
formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası,
təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib
mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi
yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı
Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən
mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.