“Azərişıq”
ASC fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, yaranan çətinliklərin
aradan qaldırılması məqsədilə regionlarda mütəmadi görüşlər təşkil edir. Cənab Prezident
İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən tədbirlərdən biri Oğuzda
baş tutub. Oğuz Elektrik Şəbəkəsinin (EŞ) inzibati binasında reallaşan görüşə
30-dək sahibkar və yerli sakin qatılıb. Tədbirdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə
İş Departamentinin direktoru İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr
İdarəsinin rəisi Vaqif Mustafayev, Şimal-Qərb Regional Enerji Təchizatı və
Satışı İdarəsinin (RETSİ) rəisi Nərman Mahmudov, Oğuz Rayon İcra Hakimiyyətinin
nümayəndəsi Aliyə Osmanova iştirak edib.
Manset.az xəbər verir ki, görüş
zamanı fermer, sahibkar və vətəndaşlara Cənab Prezident İlham Əliyevin
tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma
və əsaslı təmir işləri barədə məlumat verilib. Bildirilib ki, görülən işlər nəticəsində
ölkənin hər bir tərəfində müxtəlif gücdə yarımstansiyalar tikilir, yeni
transformatorlar quraşdırılır.
Həmçinin
tədbir iştirakçıları elektron xidmətlər barədə məlumatlandırılıb. Xidmət mərkəzlərində
vətəndaşlara göstərilən xidmətlər haqqında maarifləndirici söhbət aparılıb.
Tədbirdə
yeni elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin verilməsi
və ödəniş qaydaları izah edilib. Bununla yanaşı vətəndaşların daha çox müraciət
etdikləri digər xidmətlər – abonentin balansındakı avadanlıqlara texniki xidmət
göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi
hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi
prosedurları, smart kartın və qüsurlu ödənişlərin bərpası xidmətləri barədə ətraflı
məlumatlar verilib, onların sualları cavablandırılıb. Eyni zamanda, həm ASAN
Xidmət mərkəzlərində, həm də elektron platformalar üzərindən təqdim edilən
bütün xidmətlər barədə geniş məlumat verilib. Vətəndaşların və sahibkarların
müraciətlərinin daha asan və sürətli həlli üçün yaradılan imkanlar vurğulanıb.
Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciətetmə
imkanları ətraflı izah olunub. İştirakçıların müxtəlif məsələlərlə bağlı
sualları dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll olunub.
Görüş
zamanı “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin təşkil etdiyi
“Sabaha yaşıl işıq” kursları barədə də ətraflı məlumat verilib. Bildirilib ki,
Elm və Təhsil Nazirliyi tərəfindən verilən lisenziya əsasında tədris kursları fəaliyyət
göstərir. Burada dərin biliyə, bacarığa və yüksək peşə hazırlığına malik mütəxəssislər
yetişdirilir. Bir ay müddətində kursları uğurla başa vuran müdavimlərə dünyanın
bir çox aparıcı energetika şirkətləri tərəfindən tanınan sertifikatlar təqdim
olunur.
Abonentlərin
dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi
itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC ölkənin bütün
regionlarında maarifləndirici tədbirlər, görüşləri davam etdirir. Fermer və
sahibkarların təklif, tövsiyələri dinlənilir, mövcud problemlərinin həlli
istiqamətində işlər aparılır.