Şərur rayonunda toxum sərgi-satış yarmarkası keçirildi - FOTOLAR

22:12 - 30 Sentyabr 2025

Şərur rayonunda toxum sərgi-satış yarmarkası keçirildi - FOTOLAR

Şərur rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib.


Manset.az xəbər verir ki, yarmarka kənd təsərrüfatı istehsalçılarının sertifikatlı toxumlara əlçatanlığının artırılması, toxumçuluq sektorunun inkişafı və fermerlərin innovativ texnologiyalarla tanışlığı məqsədilə təşkil olunub. Tədbir fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları üçün geniş imkanlar yaradıb.

Yarmarkada payızlıq taxıl bitkilərinin, tərəvəz və yem bitkilərinin yüksək keyfiyyətli toxumları, meyvə və ting materialları, eləcə də yeni yaradılmış və yüksək məhsuldarlığı ilə seçilən sortlar nümayiş etdirilib. Həmçinin aqrar şirkətlərin toxumçuluqla bağlı innovativ texnologiyaları və xidmətləri sərgilənib.

Fermerlər dövlətin aqrar sahəyə yönəltdiyi dəstək mexanizmləri barədə ətraflı məlumat əldə edib, toxum təminatı və məhsuldarlığın artırılması ilə bağlı mütəxəssislərlə görüşlər keçiriblər. Tədbirdə Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev çıxış edərək dövlət tərəfindən fermerlərə göstərilən dəstəyin və yaradılan imkanların əhəmiyyətini vurğulayıb. O, sertifikatlı toxumlardan istifadənin məhsuldarlığın artırılmasına, bazara çıxış imkanlarının genişləndirilməsinə, kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsinə və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət etdiyini qeyd edib.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında yarmarkanın fermerlərin daha məhsuldar fəaliyyətinə və dövlət-özəl tərəfdaşlığının güclənməsinə mühüm töhfə verəcəyini bildirib. O, tədbirin həm də yerli istehsalçıların bazarda mövqelərinin möhkəmlənməsinə və regionun aqrar inkişafında innovativ texnologiyaların tətbiqinə dəstək olacağına diqqət çəkib.

Seymur Səfərli qeyd edib ki, bölgəyə uyğun, davamlı sortların seçimi fermerlərin gəlirliliyini artırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, bu ildən etibarən 4 rayonda torpaqların dincə qoyulması ilə bağlı subsidiya tətbiq olunacaq ki, bu da növbəli əkin prinsipinə töhfə verəcək. Eyni zamanda müasir suvarma sistemlərindən istifadə edən fermerlər daha çox subsidiya ilə dəstəklənirlər.

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev tədbir iştirakçılarını salamlayaraq, respublikanın müxtəlif regionlarında keçirilən toxum sərgi-satış yarmarkalarının toxumçuluğun inkişafında əhəmiyyətini vurğulayıb. O bildirib ki, sertifikatlı toxumdan istifadə kənd təsərrüfatı məhsuldarlığının artırılmasında əsas şərtdir və fermerlərin gəlirliliyinə müsbət təsir göstərir. Sərdar Hacıyev eyni zamanda toxum istehsalçıları, fermerlər və elmi-tədqiqat institutları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib və bu cür tədbirlərin regionların torpaq-iqlim şəraitinə uyğun sortların istifadəsini genişləndirdiyini diqqətə çatdırıb.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev mərasimdə çıxış edərək institut alimləri tərəfindən yaradılan məhsuldar və yerli şəraitə uyğunlaşdırılmış sortların istehsalata tətbiqindən danışıb. O qeyd edib ki, kənd təsərrüfatında elmi nailiyyətlərin praktikada istifadəsi fermerlərin gəlirlərinin artmasına birbaşa təsir göstərir.

Aqrar Sığorta Fondunun şöbə müdiri Əli Əhmədov bildirib ki, fond 2024-cü ilin sonundan Naxçıvanda fəaliyyətə başlayıb və fermerlərin gəlirlərini qorumaq məqsədilə muxtar respublika əkin sahələri və təsərrüfatları sığortalanır. Artıq sentyabr ayında Naxçıvanda ilk aqrar sığorta ödənişi həyata keçirilib.

Daha sonra sığorta müqaviləsində nəzərdə tutulmuş risklər üzrə təsərrüfatları zərər çəkmiş fermerlərə sığorta ödənişləri təqdim olunub. Yarmarka çərçivəsində fermerlər toxumçuluq sahəsində mütəxəssislərlə birbaşa ünsiyyət qurub, öz təsərrüfatlarının ehtiyaclarına uyğun toxumları əldə edib, yeni əməkdaşlıq imkanlarından yararlanıblar.

Tədbir zamanı regionun iqlim şəraitinə uyğunlaşdırılmış toxum sortlarının sərgisi və satışı, həmçinin kənd təsərrüfatına dair müxtəlif məhsul və texnologiyaların nümayişi təşkil edilib.

Ötən il Naxçıvanda təşkil olunan festivalın nəticəsi olaraq artıq bir sıra şirkət muxtar respublikada yerli nümayəndəlik və filiallarını açaraq fəaliyyətə başlayıblar.

Əlavə olaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan vahid stenddə ölkənin müxtəlif bölgələri üçün sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxum nümunələri təqdim olunub. Mütəxəssislər fermerlərin diqqətinə torpaq və iqlim xüsusiyyətlərinə uyğun toxum seçiminin əhəmiyyəti çatdırıblar. Bildirilib ki, bu bölgə üzrə yumşaq buğdanın “Yubiley 90”, “Tunc”, “Ləyaqətli 80”, “Lider”, “Esperia”, “Gaudio”, “Almeria”, arpanın isə “Dəyanətli”, “Sadiq”, “Manava”, “Finola” sortlarının istifadəsi məqsədəuyğundur.

Qeyd edək ki, 29 sentyabr tarixindən etibarən Naxçıvan şəhərində Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası çərçivəsində “Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların Naxçıvan Forumu”və “Aqrar sahədə dövlət dəstək mexanizmləri” panel müzakirəsi keçirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az