Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının “Buzovna” fizioterapiya, “Bilgəh”
kardioloji və “Abşeron” mədə-bağırsaq təyinatlı sağlamlıq mərkəzinə baxış
keçirilib.
Manset.az xəbər verir ki, Səhiyyə
naziri Teymur Musayevin də iştirak etdiyi tədbirdə məlumat verilib ki,
Konfederasiya tərəfindən sağlamlıq və istirahət mərkəzlərində müasir və rahat şərait
yaradılır. “Buzovna”, “Bilgəh” və “Abşeron” sağlamlıq mərkəzlərində də şərait
yaxşılaşdırılıb, ən müasir tibbi avadanlıqlarla təchiz edilib.
Mərkəzlərdə
tibbi laboratoriyalar, müalicə və istirahət sahələri, tibbi xidmətlərin təşkili,
istifadə edilən müasir avadanlıqlar və reabilitasiya prosedurları ilə tanışlıq
olub. Vurğulanıb ki, mərkəzlərdə müalicə və reabilitasiya üçün müasir tibbi
texnologiyalar tətbiq edilir.
Qeyd
edilib ki, yollayışların verilməsi e-ahik elektron rezervasiya sistemi vasitəsilə
həyata keçirilir. Sistem insan təması olmadan, sürətli və şəffaf şəkildə müraciət
və qeydiyyat imkanı yaradır ki, bu da xidmətlərin əlçatanlığını və vətəndaş məmnuniyyətini
əhəmiyyətli dərəcədə artırır.
Səhiyyə
naziri Teymur Musayev Konfederasiyanın sağlamlıq mərkəzlərində yaradılmış şəraiti,
müasir tibbi avadanlıqlarla təchizatı, tibbi heyətin peşəkarlığını və göstərilən
xidmətlərin keyfiyyətini yüksək dəyərləndirib. Nazir həmçinin kadr hazırlığı və
birgə layihələrin icrası istiqamətində Konfederasiya ilə əməkdaşlığın genişləndirilməsi
istiqamətləri barədə fikirlərini bölüşüb.