Qaradağ rayonunda yerləşən Otman Bozdağ palçıq vulkanında oktyabrın 11-də püskürmə qeydə alınıb.
Manset.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elektron xidmətlər şöbəsindən məlumat verilib.
Bildirilib ki, üç fazada qeydə alınan püskürmənin birinci fazası yerli vaxtla saat 08:27-də başlayıb və 08:37-ə qədər 10 dəqiqə davam edib.
İkinci faza püskürmə yerli vaxtla saat 08:39-da başlayıb və 08:51-ə qədər 12 dəqiqə davam edib.
Üçüncü faza püskürmə isə yerli vaxtla saat 09:02-də başlayıb və 09:06-ə qədər 4 dəqiqə davam edib.
Püskürmənin dərinliyi 4 kilometr, ümumi ayrılan enerji 2.19*10^7 coul olub.
Qeyd edək ki, vulkan püskürməsi AMEA nəzdində RSXM-nin palçıq vulkanları ətrafında quraşdırılmış seysmik stansiyaları tərəfindən qeydə alınıb.
***
10:41
Bakının Qaradağ rayonunda palçıq vulkanı püskürüb.
Manset.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində yerləşən palçıq vulkanında oktyabrın 11-i saat 08:27-də püskürmə hadisəsi qeydə alınıb:
"Hazırda nazirliyin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, ərazidə müvafiq müşahidələr aparılır".
Fövqəladə Hallar Nazirliyindən "Report"a daxil olan məlumatda isə Qaradağ rayonunun Səngəçal qəsəbəsi istiqamətində palçıq vulkanının püskürməsi ilə bağlı Aviasiya dəstəsinin helikopteri vasitəsilə əraziyə baxış keçirildiyi qeyd olunub:
"Baxış zamanı ərazidə alov müşahidə edilməyib, həmçinin ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib. Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür".