Bu gün Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Ordubad rayonunda yerləşən yeni tibbi cihazlarla və həkimlərlə təmin edilmiş Ailə Sağlamlıq Mərkəzlərinə göstərilən tibbi xidmətlərə baxış keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısının müavini və ictimayyət nümayəndələri iştirak ediblər.
Səfər çərçivəsində Dəstə, Vənənd, Dırnıs, Sabirkənd və Tivi Kənd Ailə Sağlamlıq Mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olunub.
Baxış zamanı səhiyyə naziri Samiq Sadıxov mərkəzlərdə quraşdırılmış tibbi avadanlıqlar, tibbi xidmətlərin təşkili və yaradılmış şərait barədə kənd sakinlərinə ətraflı məlumat verib. Nazir vurğulayıb ki, əhaliyə göstərilən ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə işlər mərhələli şəkildə davam etdiriləcəkdir.
Kənd sakinləri yaradılan şərait və göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən ən mühüm layihələrdən biri Ailə Sağlamlıq Mərkəzlərinin yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsidir. Dövlət Proqramının icrasına uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən mərkəzlərin zəruri tibbi avadanlıqlarla təmin edilməsi məqsədilə genişmiqyaslı satınalmalar həyata keçirilib.
Bu çərçivədə Ailə Sağlamlıq Mərkəzlərinə 27 ədəd portativ rentgen aparatı, 27 ədəd hematoloji analizator, 27 ədəd sidik analizatoru, 27 ədəd qanda üç aylıq şəkərin miqdarını ölçən cihaz, 27 ədəd portativ EKQ aparatı, 27 ədəd portativ ultrasəs cihazı, 100 ədəd Ailə Həkimi Çantası və digər vacib tibbi ləvazimatlar təhvil verilib. Əlavə olaraq Ailə Sağlamlıq Mərkəzlərində vaksinasiya prosesinin həyata keçirilməsi, peyvəndləmə prosesinin tam avtomatlaşdırılması, həmçinin peyvəndlərin düzgün saxlanılması məsələlərinin daha etibarlı və effektiv şəkildə həyata keçirilməsi məqsədilə Smart soyuducular alınaraq mərkəzlərə təhvil verilib.
Həyata keçirilən bu tədbirlər kənd yaşayış məntəqələrində əhaliyə göstərilən ilkin tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının daha da artırılmasına xidmət edir.