Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə əsasən yaradılmış Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 28-ci iclası keçirilib.
Manset.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir ki, iclas ötən gün Dağıstanın Məhərrəmkənd rayonunun Yaraq Qazmalar kəndində olub.
Görüş Komissiyanın Azərbaycan tərəfdən həmsədri, Agentliyin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyevin və Komissiyanın Rusiya tərəfdən həmsədri, Su Ehtiyatları Federal Agentliyi rəhbərinin müavini Vadim Nikonorovun iştirakı ilə baş tutub. İclasda Regional Su Meliorasiya Xidmətinin, Xarici İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölünməsi, bunun monitorinqinin aparılması, Samur Hidroqovşağının birgə istismarı və digər aktual məsələlər müzakirə olunub, görüləcək tədbirlər müəyyənləşdirilib və yekun protokol imzalanıb.