“Azərbaycanda iş çoxdur, işləmək istəyən yoxdur” - Deputat

17:33 - 07 Yanvar 2026

“Azərbaycanda iş çoxdur, işləmək istəyən yoxdur” - Deputat

"Məşğulluq və işsizlik problemi təkcə Azərbaycana deyil, bütün dünyaya xas olan ümumi bir məsələdir. Hətta inkişaf etmiş Avropa ölkələrində belə gənclərin iş tapması ilə bağlı ciddi çətinliklər mövcuddur. Bu səbəbdən xüsusilə paytaxtlarda urbanizasiya prosesi geniş vüsət alıb. Gənclər daha çox paytaxta üz tuturlar, çünki burada iş tapmaq imkanları daha yüksəkdir”. 

Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib. O deyib ki, nəticədə regionlarda əhalinin sayı azalır, əmək resursları isə şəhərlərə yönəlir:

“Bu proses isə son nəticədə paytaxtın özündə belə iş tapmağı çətinləşdirir. Bu tendensiya qlobal xarakter daşıyır. Azərbaycanda da məşğulluq məsələsi aktualdır. Prezident İlham Əliyev 5 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə bu məsələyə xüsusi diqqət ayırdı. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi məşğulluq proqramlarının əhəmiyyətindən bəhs etdi. Hazırda minlərlə vətəndaş bu proqramlara cəlb olunmaqla işlə təmin olunur. Bununla yanaşı, bəzi hallarda təklif olunan işlərə maraq göstərilmədiyi də müşahidə olunur. Yəni iş var, lakin iş axtaran şəxs onu müxtəlif səbəblərlə qəbul etmir – maaş, iş şəraiti və ya şəxsi maraqlar uyğun gəlmir. Bu isə göstərir ki, işsizlik problemi təkcə işin olmaması ilə deyil, həm də seçim və münasibətlə bağlıdır”.

Onun sözlərinə görə, gənclər ixtisas seçərkən əmək bazarının real tələblərini nəzərə almalıdırlar:

“Əgər müəyyən sahələrə kütləvi axın olsa da, bazarda həmin ixtisaslara tələbat yoxdursa, bu, gələcəkdə iş tapmaqda ciddi problemlər yaradır. Buna görə də əmək bazarında rəqabət qabiliyyəti yüksək olan, müasir dövrün tələblərinə uyğun ixtisaslara üstünlük verilməlidir. 

Təcrübədə dəfələrlə rast gəlinib ki, iş axtaran şəxsə konkret iş təklifi olunsa da, o, müxtəlif səbəblərlə bundan imtina edir. Məsələn, Cəlilabadda kartof yığımı zamanı iki gəncin bu sahəyə cəlb edilməsi ilə bağlı sahibkarla danışılmışdı. Lakin həmin gənclər işin çətin olduğunu əsas gətirərək imtina etdilər. Halbuki sovet dövründə bu bölgədə gənclər yay aylarında ağır şəraitdə işləyir, zəhmət çəkir və qazandıqları ilə öz ehtiyaclarını ödəyirdilər. Bəzən gənclərdə tənbəllik və zəhmətdən yayınma halları müşahidə olunur. Bu da məşğulluq probleminin digər tərəfidir – iş var, amma onu görmək istəmirlər. Ona görə də məşğulluq sahəsində uğur qazanmaq üçün yalnız yeni iş yerləri yaratmaq kifayət deyil, həm də gənclərdə əmək münasibətinə düzgün yanaşmanı formalaşdırmaq vacibdir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az