Yanvarın 7-dən etibarən Naxçıvan Televiziyasında canlı yayımlanan “Prezident və Media-2026” adlı xüsusi layihə olan xəbər marafonu ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.
Manset.az xəbər verir ki, üç gün davam edən canlı efir marafonu çərçivəsində 30-a yaxın müsahib proqramın qonağı olub.
Hər gün saat 17:00-dan 19:00-dək
yayımlanan xəbər marafonunda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi mühüm
mesajlar ətraflı şəkildə müzakirə edilib.
Studiyaya dəvət olunan Ali Məclisin
deputatları, politoloqlar, ekspertlər və tanınmış jurnalistlər, eyni zamanda
efirə qoşulan Milli Məclisin deputatları Prezidentin çıxışında yer alan əsas məqamları
təhlil edib, ölkənin daxili və xarici siyasəti ilə bağlı aktual mövzulara
aydınlıq gətiriblər.
Marafon zamanı dövlət–media münasibətləri,
informasiya təhlükəsizliyi, regional proseslər, beynəlxalq münasibətlər, eləcə
də Azərbaycanın 2026-cı ilə qədər olan inkişaf strategiyası diqqət mərkəzində
saxlanılıb. Canlı debat və şərhlər tamaşaçılara baş verən prosesləri daha dərindən
anlamaq imkanı yaradıb.
“Prezident və Media-2026” adlı xüsusi
layihə dinamik formatı, peşəkar aparıcılığı və müxtəlif baxış bucaqlarını əhatə
edən müzakirələri ilə seçilib.
NTV-nin efirində üç gün ardıcıl CANLI
yayımlanan xəbər marafonu həm televiziya auditoriyası, həm də sosial media
istifadəçiləri tərəfindən geniş izlənilib, qısa müddət ərzində yüksək baxış
göstəriciləri qazanıb və həştəqlər vasitəsilə geniş şəkildə paylaşılıb.
Qeyd edək ki, Naxçıvan Televiziyasının digər xüsusi layihələri çərçivəsində də gələcəkdə ölkənin televiziya kanalları ilə müxtəlif formatlarda telekörpülərin qurulması nəzərdə tutulur.