Vəkilliyə namizədlərin icbari təlimi başladı - FOTO

19:18 - 19 Yanvar 2026

Vəkilliyə namizədlərin icbari təlimi başladı - FOTO

Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda vəkil sayının artırılması, hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun davamlı inkişafına dair verdiyi tövsiyələrə uyğun olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) üzvlüyə qəbul prosesini ardıcıl, sistemli və məqsədyönlü şəkildə həyata keçirir. Bu proses çərçivəsində ixtisas imtahanlarının tam şəffaflıq, obyektivlik və bərabərlik prinsipləri əsasında təşkili təmin olunur.


Kollegiyadan Manset.az-a verilən məlumata görə, bu istiqamətdə yazılı və şifahi imtahan mərhələlərini uğurla başa vuran vəkilliyə namizəd üçün 2026-cı il yanvarın 19-dan etibarən Ədliyyə Akademiyasında icbari təlimlərə başlanılıb. Təlim proqramı gələcək vəkillərin peşə hazırlığının artırılmasına, praktiki bilik və bacarıqlarının möhkəmləndirilməsinə, eyni zamanda vəkil fəaliyyətinə dair etik və hüquqi tələblərin dərindən mənimsədilməsinə xidmət edir.

Yeni təlim mərhələsinin açılışında çıxış edən VK Rəyasət Heyətinin sədri Anar Bağırov vəkilliyə namizədləri təbrik edərək onlara uğurlar arzulayıb, bu mərhələnin peşəkar formalaşma baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Sədr bildirib ki, təlim proqramı yalnız nəzəri biliklərin artırılmasına deyil, eyni zamanda peşə hazırlığının təkmilləşdirilməsinə, praktiki bacarıqların gücləndirilməsinə və beynəlxalq təcrübənin öyrənilməsinə yönəlib. Təlimlərin məzmunu müasir hüquqi çağırışlara uyğun şəkildə formalaşdırılıb və gələcək vəkillərin ədalət mühakiməsində rolunun daha da gücləndirilməsini hədəfləyir.

Vəkilliyə qəbul prosesi barədə ətraflı məlumat verən Anar Bağırov qeyd edib ki, test mərhələsi Kollegiya və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə, geniş müşahidəçilik imkanları şəraitində - yerli və beynəlxalq müşahidəçilərin, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə tam şəffaf və obyektiv şəkildə keçirilib. Şifahi mərhələdə isə obyektivliyin təmin olunması məqsədilə videoyazı sistemi tətbiq edilib və bütün namizədlərə eyni məzmunlu suallar təqdim olunmaqla prosesin dürüstlüyü qorunub. Həmçinin sədr təlimlərin tematik istiqamətlərinə toxunaraq bildirib ki, insan haqlarının müdafiəsi, vəkil etikası və digər aktual sahələr üzrə məşğələlər nüfuzlu ekspertlərin iştirakı ilə həyata keçirilir.

Anar Bağırov Azərbaycan Respublikası Vəkillər Kollegiyasından 60, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasından isə 4 vəkilliyə namizədlərin iştirak etdiyini vurğulayıb. Qeyd edilib ki, vəkilliyə namizədlərdən 18 nəfər qadın, 46 nəfər isə kişidir. Namizədlərin 50 nəfəri, yəni 78 faizi 40 yaşadək şəxslərdən ibarətdir ki, bu da vəkillik institutunun daha da gəncləşdiyini göstərir. Bildirilib ki, təlim iştirakçılarının 86 faizi paytaxtdan, 14 faizi isə regionlardan müraciət edən şəxslərdir.

Sədr çıxışında son illərdə Vəkillər Kollegiyasında aparılan institusional islahatlardan, vəkil sayının artırılması, institutun cavanlaşdırılması, tədris proqramlarının yenilənməsi və daha məqsədyönlü hala gətirilməsi istiqamətində görülən ardıcıl tədbirlərdən də bəhs edib.

Anar Bağırov vurğulayıb ki, Ədliyyə Akademiyası ilə birgə hazırlanmış təlim proqramları praktiki bilik və bacarıqların artırılmasına yönəlik kompleks yanaşma təqdim edir və bu sahədə sistemli, davamlı nəticələrin əldə olunmasına şərait yaradır. Sədr təlimlərin yüksək peşəkarlıqla təşkil edildiyini qeyd edərək göstərilən dəstəyə görə Ədliyyə Nazirliyinin və Ədliyyə Akademiyasının rəhbərliyinə minnətdarlığını ifadə edib.

Eyni zamanda VK-nın nüfuzlu beynəlxalq təşkilatlara üzvlüyünü və yerli dövlət qurumları ilə səmərəli əməkdaşlığını qeyd edən sədr vəkillik institutunun təşəbbüslərinin dövlət tərəfindən tam dəstəkləndiyini vurğulayıb.

Anar Bağırov çıxışının davamında vəkillərin peşə fəaliyyətinin əsas prinsiplərinə də toxunaraq bildirib ki, hər bir vəkil peşə borcunu vicdanla yerinə yetirməli, etik davranış kodeksinə ciddi əməl etməli, vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardım göstərməli, qeyri-qanuni və qeyri-prosessual münasibətlərə yol verməməlidir. Sədr formal fəaliyyətin və etikadan kənar davranışların institutun nüfuzuna xələl gətirdiyini xüsusi vurğulayaraq, Kollegiyanın bu cür hallara qarşı qətiyyətli mövqedə olduğunu diqqətə çatdırıb.

Təlimdə vəkillik institutunun inkişafı istiqamətində görülən işlər və qarşıya qoyulan mühüm hədəflər barədə ətraflı danışan Anar Bağırov Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının əhəmiyyətini vurğulayaraq, bu sənədin vəkillik fəaliyyətinin genişləndirilməsi və vəkil sayının əhəmiyyətli dərəcədə artırılması baxımından mühüm dönüş nöqtəsi olduğunu qeyd edib. Həmçinin sədr “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş dəyişikliklərə toxunaraq, vəkil peşəsinə qəbul üçün tələb olunan hüquq sahəsində iş stajının üç ildən bir ilədək azaldılmasını hüquq sisteminin təkmilləşdirilməsi, vəkillik institutunun institusional baxımdan daha da möhkəmləndirilməsi və müdafiə hüququnun effektiv təmin edilməsi istiqamətində atılmış mühüm addım kimi dəyərləndirib.

Açılış mərasimi VK sədrinin “Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik” mövzusunda geniş məruzəsi ilə davam edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az