Azərbaycan Respublikasında kino istehsalı sahəsində hüquqi tənzimləmənin müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması, anlayışların dəqiqləşdirilməsi, dövlət dəstəyinin institusional mexanizmlərinin genişləndirilməsi və kino industriyası üçün investisiya cəlbediciliyinin artırılması məqsədilə “Kinematoqrafiya haqqında” Qanunda dəyişiklik ediləcək.
Manset.az xəbər verir ki, bununla bağlı yeni qanun layihəsi Milli Məclisin Mədəniyyət komitəsinin yanvarın 19-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Sənəd layihəsində sahə üzrə anlayışların genişləndirilməsi və dəqiqləşdirilməsi nəzərdə tutulur. Belə ki, layihə ilə Qanunun 1-ci maddəsinə “milli film”, “xarici film”, “birgə istehsal filmi”, “film istehsalı”, eləcə də film istehsalının mərhələlərini (hazırlıq, çəkiliş, tamamlanma) əhatə edən anlayışlar əlavə edilir.
Layihədə həmçinin “yerli prodüser” və “xarici prodüser” anlayışları ayrıca müəyyən edilib. Qeyd olunan dəyişiklik hüquqi münasibətlərdə subyektlərin statusunu dəqiqləşdirəcək, dövlət dəstəyi və təşviq mexanizmlərinin tətbiqi zamanı şəffaflığı artıracaq. Eyni zamanda Qanunda istifadə edilmiş “müştərək çəkilmiş film” anlayışının “birgə istehsal edilmiş film” anlayışı ilə əvəz edilməsi beynəlxalq hüquqi terminologiya ilə uyğunluq yaradır və normativ-hüquqi aktın dil və üslub baxımından təkmilləşdirilməsinə səbəb olur.
Qanunun 3-cü maddəsinə edilən dəyişikliklə xarici prodüserlərin Azərbaycan ərazisində film istehsalına cəlb edilməsi dövlət siyasətinin ayrıca istiqaməti kimi təsbit olunur. Bu, ölkənin beynəlxalq kino bazarına inteqrasiyasına və mədəni diplomatiyanın inkişafına xidmət edir.
Qanunun 13-cü maddəsinə əlavə edilən müddəalarla xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclərin həmin Qaydalara uyğun olaraq qismən geri ödənilməsi Qanunda əks olunur. Bu mexanizm hazırda bir sıra ölkələrdə uğurla tətbiq olunan maliyyə təşviqi vasitəsi kimi xarici investisiyaların cəlb edilməsinə, yerli xidmət sektorunun inkişafına və yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərir.
Beləliklə, layihənin qəbul edilməsi nəticəsində Azərbaycanda kinematoqrafiya sahəsində hüquqi tənzimləmə təkmilləşdiriləcək. Bu da beynəlxalq və birgə istehsal layihələrinin sayının artmasına, ölkənin kino sənayesinə xarici maliyyənin cəlbinə, Azərbaycanın mədəni və yaradıcı potensialının beynəlxalq səviyyədə tanıdılmasına imkan yaradacaq. Eyni zamanda dövlət və özəl sektor arasında əməkdaşlıq imkanları da genişlənəcək.