Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Kibertəhlükəsizliyin idarəedilməsi sektorunun əməkdaşı Bayram Şirinov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən “Cybertech Global 2026” beynəlxalq konfransında iştirak edib.
Manset.az xəbər verir ki, konfransda qlobal kibertəhlükəsizlik landşaftının
transformasiyası və yeni nəsil müdafiə texnologiyaları müzakirə edilib. Həmçinin
süni intellekt əsaslı kibermüdafiə sistemləri və orkestrasiya platformaları,
agent əsaslı təhlükəsizlik arxitekturası kimi innovativ yanaşmalar təqdim
edilib. Kvant hesablamaların kibertəhlükəsizliyə gətirəcəyi imkanlar və təhdidlər
də nəzərdən keçirilib.
İki gün davam edən tədbirdə süni intellekt əsaslı
avtomatlaşdırılmış qərar qəbuletmə mexanizmlərinin effektivliyi, kritik
infrastruktur obyektlərinin qorunması strategiyaları, məlumat təhlükəsizliyində
yeni standartlar və proaktiv müdafiə konsepsiyaları üzrə təcrübə mübadiləsi
aparılıb.
“Cybertech Global 2026” kibertəhlükəsizlik sahəsinin
aparıcı nümayəndələrini, hökumət strukturlarının ekspertlərini və texnoloji
şirkətlərin təmsilçilərini bir araya gətirib. Konfrans kibertəhdidlərə qarşı
beynəlxalq əməkdaşlığın genişləndirilməsi, texnoloji yeniliklərin kibertəhlükəsizlik
sahəsinə inteqrasiyası, həmçinin gələcək trend və risklərin qiymətləndirilməsi
baxımından mühüm platforma olub.