“Azərişıq” ASC paytaxt və regionlarda, eləcə də işğaldan azad olunan ərazilərdə elektrik təsərrüfatını yeniləyir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən yenidənqurma işləri Cəbrayılı da əhatə edib. Cəbrayıl şəhəri işğaldan azad edilən andan “Azərişıq” ASC tərəfindən operativ tədbirlər görülərək 2020-ci il oktyabrın 28-də şəhər mərkəzi elektrik enerjisi ilə təmin edilib. 2022-ci il oktyabrın 19-da Cənab Prezident İlham Əliyev tərəfindən şəhər ərazisində təməli qoyulan 35/0,4 kV-luq Rəqəmsal İdarəetmə Mərkəzi inşa edilərək 2023-cü il sentyabrın 28-də ölkə başçısı tərəfindən istifadəyə verilib.
Manset.az xəbər verir ki, məskunlaşma aparılan Horovlu kəndini elektrik
enerjisi ilə təmin etmək üçün ikidövrəli 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı
Naqillər (ÖİN-3) çəkilib, həmçinin 35 kV-luq Paylayıcı Qurğu (PQ) inşa edilib.
Kənddə 6 müasir tipli 35/0.4 kV-luq Komplekt Transformator Məntəqəsi (KTM)
quraşdırılıb. Fərdi yaşayış evləri müasir smart sayğaclarla təchiz olunub.
Şəhər ərazisinə köç edən sakinlər üçün Baş
Plana uyğun olaraq əlavə 35/0,4 kV-luq 4x2500 kVA gücündə Transformator Məntəqəsi
(TM) inşa edilərək istismara verilib, həmçinin smart sayğaclar quraşdırılıb,
0.4 kV-luq yeraltı xətlər çəkilib. Yaxın gələcəkdə köç planlaşdırılan Soltanlı,
o cümlədən Fuğanlı, Mərcanlı, Şükürbəyli kəndləri, Xudafərin qəsəbəsi istiqamətində
metal dayaqlar əkilib, ikidövrəli 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər
(ÖİN-3) çəkilib.
Rayonun
Horovlu, Şükürbəyli, Xudafərin, Soltanlı, Sarıcallı, Maşanlı, Böyük Mərcanlı və
Karxulu yaşayış məntəqələri 35 kV-luq elektrik verilişi xətləri vasitəsilə
keyfiyyətli və dayanıqlı enektrik enerjisi ilə təmin edilib.
“Azərişıq”
ASC Xankəndinin də elektrik təsərrüfatını yenidən qurur. Elektrik Şəbəkəsinin
(EŞ) xidməti ərazisinə daxil olan Xocalı şəhərində Cənab Prezident İlham
Əliyevin iştirakı ilə 2024-cü ilin mayın 9-da “Xocalı” yarımstansiyasının
və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub. 3200 kVA gücündə olan “Xocalı”
yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi rayon ərazisində inşa edilmiş
yeni yaşayış komplekslərinin, kənd təsərrüfatı və turizm obyektlərinin, eləcə
də sosial-iqtisadi təyinatlı müxtəlif infrastrukturun dayanıqlı, etibarlı və
fasiləsiz elektrik enerjisi təminatını həyata keçirmək məqsədi daşıyır.
Həmçinin Xocalı şəhərində 10 müasir tipli müxtəlif
gücdə KTM quraşdırılıb. Badara, Ballıca, Daşbulaq, Təzəbinə, Seyidbəyli və
Xanyurdu yaşayış məntəqələri istiqamətində 35 kV-luq elektrik verilişi xətlərinin inşası davam
etdirilir. Hazırda
adı çəkilən yaşayış məntəqələrinin 0.4 kV-luq daxili elektrik şəbəkəsi yenilənir.
Xocalının Şuşakənd və Xanobad kəndlərinə də
35 kV-luq ÖİN-3 kabel hava xəttinin çəkilişi davam edir.
Vətəndaşların keyfiyyətli və fasiləsiz elektrik enerjisilə təmin olunması ilə yanaşı elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC ölkənin bütün regionlarında mərhələli şəkildə elektrik təsərrüfatının yenilənməsi işlərini davam etdirir.