2 fevral 2026-cı ildə Masallı Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Asan Həyat Kompleksində “2 Fevral- Azərbaycan Gəncləri Günü” münasibətilə “Heydər Əliyev ideyaları başlayan 30 illik inkişaf yolu” adlı forum keçirildi.
Manset.az xəbər verir ki, forumdan öncə tədbir iştirakçıları Masallı şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini və “Qəhrəmanlar Parkı - Şəhidlər Abidə Kompleksi”ni ziyarət edərək Ümumilli Lider və Şəhidlərimizə ehtiramlarını bildirərək tər gül dəstələri qoymuş və ruhlarına dualar etmişlər.
“Heydər Əliyev ideyaları başlayan 30 illik inkişaf yolu” adlı forum Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsələndirilməsi ilə açıq elan edildi.
Tədbirin davamında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “2 fevral Azərbaycan gəncləri Günü” ilə əlaqədar və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tədbirlərin haqqında videoçarx nümayiş olundu.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov giriş nitqi ilə çıxış edərək bildirib ki, bu gün biz müstəqil Azərbaycan dövlətinin ictimai-siyasi həyatında xüsusi yer tutan, gəncliyimizin birliyini və gücünü ifadə edən əlamətdar bir günü – 2 Fevral Azərbaycan Gəncləri Gününü böyük qürur hissi ilə qeyd edirik. Eyni zamanda bu il ölkəmizdə gənclər hərəkatının formalaşmasında mühüm mərhələ olmuş Birinci Azərbaycan Gənclər Forumunun keçirilməsindən 30 il ötür. Bu yubiley yalnız bir tarixi hadisənin ildönümü deyil, həm də Azərbaycan gəncliyinin inkişaf yoluna verilən yüksək qiymətin göstəricisidir. 1996-cı ildə keçirilən Birinci Azərbaycan Gənclər Forumu gənclərə böyük etimadın, gələcəyə inamın rəmzi idi. Həmin forumda səsləndirilən ideyalar gənclərin dövlətçiliyə sədaqət, Vətənə bağlılıq və milli maraqlara xidmət prinsipləri əsasında yetişməsinin əsasını qoydu. Bu ideyalar illər keçdikcə təkcə söz olaraq qalmadı, real həyat nümunələrinə çevrildi.
Bu gün fəxrlə deyə bilərik ki, şəhidlərimiz məhz o ideyalarla böyümüş, o ruhda tərbiyə olunmuş Azərbaycan gəncləridir. Gənclər Forumunun əsasını qoyduğu vətənpərvərlik, milli şüur və dövlətə sədaqət xətti illər sonra döyüş meydanında öz ən ali təcəssümünü tapdı. Azərbaycan gəncliyi Vətən uğrunda canından keçməklə tarix yazdı.
Xüsusilə Vətən müharibəsi dövründə gənclərimizin göstərdiyi qəhrəmanlıq sübut etdi ki, 30 il əvvəl atılan addımlar, qəbul edilən qərarlar, formalaşdırılan gənclər siyasəti hədər getməmişdir. Şəhidlərimiz müstəqil Azərbaycanın azadlığını, suverenliyini və ərazi bütövlüyünü qoruyaraq gənclər siyasətinin mənəvi zirvəsini müəyyən etdilər. Onların hər biri bu 30 illik yolun ən şərəfli səhifəsidir.
Daha sonra çıxış edən Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının 3-cü kurs kursantı Ruslan Cəbiyev geniş məlumat verərək bildirdilər ki, 2 fevral gününün Azərbaycan Gəncləri Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu.1994-cü ilin 26 iyununda dövlət gənclər siyasətini icra edən Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı.1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərilərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin ilk forumu keçirilmişdir. Forumda Ümumilli lider Heydər Əliyev şəxsən iştirak etmişdir. 1 Fevral 1997-ci il tarixdən forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər Heydər Əliyev “2 Fevral-Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam imzalamışdır.
Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünki Azərbaycan gəncliyi Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğını dərin ehtiram hissi ilə xatırlayır.
Sonda Masallı rayonunun ictimai-siyasi həyatında fəal iştirakı və təhsil, mədəniyyət, səhiyyə sahəsindəki xidmətlərinə görə İcra Hakimiyyəti Başçısının müaviq Sərəncamı ilə təltif olunmuş bir qrup fəal gəncə rayon rəhbəri Araz Əhmədov tərəfindən Fəxri Fərman, həmçinin Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova tərəfindən Fəxri Fərman təqdim edilmiş, xatirə şəkilləri çəkilmişdir.