Masazırda avtomobil yolunun təmiri yekunlaşmaq üzrədir - VİDEO/FOTO

16:14 - 03 Fevral 2026

Masazırda avtomobil yolunun təmiri yekunlaşmaq üzrədir - VİDEO/FOTO

Rahat və təhlükəsiz gediş-gəlişin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmirə ehtiyacı olan avtomobil yollarında kompleks tədbirlərin icrası davam etdirilir. Bu çərçivədə Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə gedən avtomobil yolunda icra olunan əsaslı təmir işləri son mərhələdədir. 


Manset.az xəbər verir ki, iki hərəkət zolaqlı avtomobil yolunun uzunluğu 2 kilometr, eni isə 9 metrdir. Sözügedən yol uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən hərəkət hissəsində deformasiyalar yaranmış, qabarmalar və çalalar əmələ gəlmişdir. Bu da avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə ciddi maneələr törədirdi. Aparılan əsaslı təmir işləri nəticəsində mövcud problemlər artıq aradan qaldırılır.

Təmir işləri zamanı yol boyunca zəruri sahələrdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri aparılmaqla yeni yol əsası inşa edilib.  Bundan başqa, vətəndaşların rahat hərəkətinin təmin edilməsi məqsədilə yol boyunca mövcud piyada səkisi də bərpa olunub. Hazırda ərazidə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Əsaslı təmir işləri  tam yekunlaşdıqdan sonra yolun istismara yararlı vəziyyətə gətirilməsi, nəqliyyat vasitələrinin və piyadaların rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, sözügedən avtomobil yolu Agentliyin balansında olmasa da, vətəndaşların müraciətləri və mövcud vəziyyət nəzərə alınaraq yolun əsaslı təmiri həyata keçirilir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az