Fevralın 3-də Azərbaycan Dillər
Universitetində (ADU) Özbəkistan Dövlət Cahan Dillər Universitetinin Özbək dili
və Ədəbiyyatı Mərkəzinin açılışı olub.
Manset.az xəbər verir ki, açılış mərasimində Özbəkistan Respublikasının
Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Özbəkistan
Dövlət Cahan Dillər Universitetinin rektoru İlxomjon Tuxtasinov,
Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri,
millət vəkili Eldar İbrahimov və başqaları iştirak ediblər.
ADU-nun rektoru, akademik Kamal
Abdulla qonaqları salamlayaraq, onları universitetdə görməkdən məmnun
olduğunu bildirib, yeni açılan mərkəzin əhəmiyyətindən danışıb. Qeyd olunub ki,
ADU dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir,
xarici ölkə universitetlərində fəaliyyət göstərən Azərbaycan dili və
mədəniyyəti mərkəzləri ölkələr arasında elm, təhsil, mədəni əlaqələrin
qurulmasında mühüm rol oynayır. Bu mərkəzlərin hər birində Azərbaycan dili
tədris olunur, milli mədəniyyətimiz təbliğ olunur, müasir Azərbaycan
həqiqətləri dünyaya çatdırılır. ADU beynəlxalq əlaqələrini yüksək səviyyədə
qurmaqda davam edir və bu baxımdan, ötən il Özbəkistan Dövlət Cahan Dillər
Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılışı xüsusi
əhəmiyyət kəsb edir.
“Bu gün isə universitetimizin
həyatında əlamətdar bir gündür. Bu gün Azərbaycan Dillər Universitetində Özbək
dili və Ədəbiyyatı Mərkəzi açılır. Hər bir azərbaycanlının qəlbində
Özbəkistanın tarixinə, mədəniyyətinə böyük sevgi var. İnanıram ki, bizim tələbə
və müəllimlərimiz bu mərkəzin daimi üzvləri olacaq və mərkəz onların
Özbəkistana olan sevgisini bir az da artıracaq” - deyən akademik Kamal Abdulla
əminliklə bildirib ki, Özbək dili və Ədəbiyyatı Mərkəzinin açılışı iki ölkə
arasında elmi, mədəni, siyasi, təhsil sahəsində tərəfdaşlıq münasibətlərinə öz
müsbət töhfəsini verəcəkdir.
Özbəkistan Dövlət Cahan Dillər
Universitetinin rektoru İlxomjon Tuxtasinov çıxışında ölkələrimiz arasında
əməkdaşlığın xalqlarımızın qardaşlıq əlaqələrinə əsaslandığını bildirib. Qeyd
olunub ki, ADU-da Özbək dili və Mədəniyyəti Mərkəzinin açılışı iki ölkə
arasında elmi, mədəni, siyasi və təhsil sahəsində tərəfdaşlıq münasibətlərinə
öz müsbət töhfəsini verəcək. Burada gənc tələbələr və müəllimlər özbək dili
öyrənmək, mədəniyyətilə tanış olmaq imkanı qazanacaqlar.
Özbəkistan Respublikasının
Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov çıxında
rektora təşəkkürünü bildirib, gələcəkdə Azərbaycan və Özbəkistan arasında
olan dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb:
“Göstərdiyiniz diqqətə və səmimi görüşə görə sizə öz minnətdarlığımı
bildirirəm. İnanıram ki, bu mərkəz tələbələrə, müəllimlərə faydalı olacaq,
onların tədqiqat işlərinə öz töhfəsini verəcək”.
Millət vəkili Eldar İbrahimov
Azərbaycan və Özbəkistan arasında elmi, mədəni, təhsil və siyasi əməkdaşlığın
inkişafında bu mərkəzin əhəmiyyətli rol oynayacağını vurğulayıb. Qeyd edilib
ki, Cahan Dillər Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında
əməkdaşlıq davam edir. Bu il ADU-nun bir neçə tələbəsi öz təhsilini Cahan
Dillər Universitetində doktorantura pilləsində davam etdirəcəklər.