Fevralın 3-də Azərbaycan Dillər
Universiteti ilə (ADU) Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisələrindən
biri olan Sunqşil Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
Manset.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal
Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu
bildirib. Qeyd olunub ki, son illər ADU ilə xarici ölkə universitetləri
arasında elmi, mədəni əməkdaşlıq istiqamətində bir sıra tədbirlər həyata
keçirilir.
Bu əməkdaşlıq çərçivəsində akademik
mübadilə, təcrübə və karyera imkanlarının təhlili, qarşılıqlı elmi
konfransların keçirilməsi, dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti ilə bağlı
addımların atılması nəzərdə tutulur:
“Bu gün çox əlamətdar bir gündür.
ADU-da növbəti dil və mədəniyyət mərkəzi fəaliyyətə başladı. Mərkəzin
fəaliyyətə başlaması ilə qardaş Özbəkistan xalqının dili, mədəniyyəti, tarixi
və ədəbiyyatının öyrənilməsi, tədqiq olunması istiqamətində mühüm işlərə imza
atılacaq. Bu ADU-nun növbəti uğurudur.
Həmçinin bu gün biz Cənubi Koreyanın
Sunqşil Universiteti ilə əməkdaşlıq haqqında müqaviləni imzalayacağıq. Bu
müqavilənin hər iki ölkənin elmi, mədəni münasibətlərinin inkişafına
töhfə verəcəyinə inanırıq. Koreya dilinin tədrisi və öyrənilməsi ilə bağlı
ADU-da fəaliyyət göstərən Koreya dili və mədəniyyəti mərkəzi öz üzərinə düşən
işin öhdəsindən layiqincə gəlir. Tələbələrimiz Koreya dilinə, mədəniyyətinə,
tarixinə və ədəbiyyatına böyük maraq göstərirlər. Bu da sevindirici haldır.
Qeyd etmək istəyirəm ki, Koreya ilə
Azərbaycanın sıx elmi, iqtisadi, siyasi əlaqələri mövcuddür. Bu əlaqələr bizə
yeni perspektivlər vəd edir. Bu perspektivlərdən düzgün şəkildə istifadə etmək
lazımdır.
İnanıram ki, Koreyada fəaliyyət
göstərən universitetlərdən birində də Azərbaycan dili və mədəniyyəti mərkəzinin
faəliyyəti ilə bağlı qərar qəbul ediləcəkdir. Bu qarşılıqlı elmi və mədəni
əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələr bizə müəllim-tələbə
mübadiləsi, elmi konfranslar və təcrübə imkanlarının dəyərləndirilməsi üçün
zəruridir.
Bir daha bu əməkdaşlığın və qarşılıqlı
tərəfdaşlığın yaradılmasında və inkişafında zəhməti olan hər bir əməkdaşa
təşəkkür edir, yeni nailiyyətlə arzu edirəm”.
Daha sonra çıxış edən Koreya
Tədqiqatlar İnstitutunun direktoru Cha Bong Jun Azərbaycan Dillər
Universitetində olmaqdan məmnunluğunu ifadə edərək, ADU-nun beynəlxalq
əlaqələrə verdiyi önəmi yüksək qiymətləndirib. İmzalanan Memorandumun iki ölkə
arasında akademik körpünün möhkəmlənməsinə xidmət edəcəyini və bu əməkdaşlığın
uzunmüddətli perspektivdə uğurlu nəticələr verəcəyi qeyd olunub.
Çıxışlardan sonra tərəflər arasında
Anlaşma Memorandumu imzalanıb. Tədbirin sonunda qarşılıqlı əməkdaşlıq
imkanları, gələcək birgə fəaliyyət istiqamətləri və konkret addımlar ətrafında
geniş müzakirələr aparılıb.
Qeyd edək ki, bu Memorandum Azərbaycan
Dillər Universitetinin beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi
istiqamətində atılan növbəti mühüm addımlardan biridir.