4 fevral 2026-cı il tarixində ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin inzibati binasında Xidmət və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” PHŞ-nin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə Xidmətin rəis müavinləri Tural Abbasov və Əliağa Əzizov, “Balıqçılıq və Akvakultura Mərkəzi” PHŞ-nin direktoru Ceyhun Əliyev və aidiyyəti qurumların digər məsul əməkdaşları iştirak ediblər.
Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2025-ci il tarixli 554 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası” çərçivəsində akvakultura fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin su obyektlərindən su götürməsi və axıdılmasının rəsmiləşdirilməsi və bu Fərmandan irəli gələn tələblərin həyata keçirilməsi müzakirə olunub.
Xidmətin Rəis müavini Tural Abbasov çıxışında qeyd edib ki, respublika üzrə balıqçılıq təsərrüfatlarının fəaliyyəti su resurslarının qorunması və idarə olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Rəis müavini vurğulayıb ki, aparılacaq tədbirlər sahədə şəffaflığın təmin olunmasına və akvakultura sektorunun dayanıqlı inkişafına xidmət edəcək.
Xidmətin Rəis müavini Əliağa Əzizovun sözlərinə görə, suyun uçotu və təsərrüfatların düzgün qeydiyyatı yalnız qanunvericiliyin tələblərinə əməl edilməsini deyil, həm də su ehtiyatlarının səmərəli istifadəsini təmin edir. Ə.Əzizov tədbirlərin icrasının strateji əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu əməkdaşlıq ölkəmizdə akvakultura sahəsinin modernləşdirilməsi və davamlı inkişafı üçün möhkəm zəmin yaradacaq.
“Balıqçılıq və Akvakultura Mərkəzi” PHŞ-nin direktoru Ceyhun Əliyev hər iki qurum tərəfindən respublika ərazisində balıqçılıq təsərrüfatlarının monitorinqi nəticəsində əldə olunmuş məlumatların bölüşdürülməsi və gələcəkdə qurumların bu sahədəki məlumat bazalarının inteqrasiyası və balıqçılıq fəaliyyəti ilə məşğul olan subyektlərin maarifləndirilməsi məqsədilə birgə tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüş çərçivəsində həmçinin, su və su təsərrüfatı obyektlərindən istifadənin təkmilləşdirilməsi, uçotun dəqiq aparılması və digər əlaqəli məsələlərin həlli istiqamətində konkret addımlar müzakirə olunub