"Karqo Şamil"in binasında 500 ailənin üzləşdiyi rəzalət - Həm pul yığılır, həm də sakinlər hədələnir 

13:32 - 05 Fevral 2026

\"Karqo Şamil\"in binasında 500 ailənin üzləşdiyi rəzalət - Həm pul yığılır, həm də sakinlər hədələnir 

Abbasqulu Abbaszadə küçəsi 51 ünvanındakı çoxmərtəbəli binanın sakinləri "İdeal" MTK-nın idarəçiliyindən cana doyub.


Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, təxminən 500 ailənin məskunlaşdığı 18 mərtəbəli binada vəziyyət kritik həddə çatıb. Sakinlər həm xidmətsizlikdən, həm də komendantın özbaşına tətbiq etdiyi "qaydalardan" narazıdırlar.

“Biz Abbasqulu Abbaszadə küçəsi 51 ünvanında yerləşən binanın sakinləriyik. Hazırda binamızda çox ciddi və sistemli problemlər mövcuddur. Binanın həyətində xaotik vəziyyət yaranıb, yağış yağan kimi su basır, normal hərəkət etmək mümkün olmur. Bu problemlərlə bağlı dəfələrlə komendanta müraciət etmişik, lakin hər dəfə iddialarımız inkar olunur, sakinlərin guya “şər atdığı” deyilir.“ Azərişıq” ASC-nin nümayəndələri də “İdeal” MTK-nı qanunsuz addımına görə ötən il cərimələyib. Lakin mənim ödədiyim 530 manatı heç kəs qaytarmadı”.

Bunu “İdeal” MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının sakini Arzu Qulamov deyib.

O bildirib ki, "İdeal MTK"nın icraçı direktoru və binanın komendantı Sahib Rüstəmovdur:

"O, bina sakinlərindən aylıq ödənişlər yığır, lakin bu ödənişlər heç bir rəsmi müqaviləyə əsaslanmır. Heç bir sakinlə müqavilə bağlanmayıb və yığılan vəsaitlə bağlı hər hansı hesabat təqdim edilmir. Yığılan pullar qanunsuzdur. Bu məsələ ilə bağlı dəfələrlə polisə, hətta prokurorluğa qədər şikayət etmişəm. Səbəb isə komendantın açıq-aşkar qanunsuz fəaliyyət göstərməsidir. Əvvəllər aylıq ödəniş 20 manat idi. Heç bir ümumi iclas keçirilmədən və sakinlərlə məsləhətləşmədən bu məbləğ 30 manata qaldırılıb. Bundan əlavə, binanın həyətindəki park yerləri qanunsuz şəkildə komendantın adamları tərəfindən nəzarətə götürülüb. Park yerləri həm bina sakinlərinə, həm də kənar şəxslərə aylıq 80 manat qarşılığında satılır. Öz bina sakinlərindən isə 50-60 manat tələb olunur. Nəticədə sakinlər işdən qayıdarkən avtomobillərini saxlamağa yer tapa bilmirlər. Bu hallarla bağlı 41-ci Polis Bölməsinə və prokurorluğa dəfələrlə müraciət etmişəm. Bildiyimə görə, komendant xuliqanlıqla bağlı cərimə də edilib”.

Sakin deyib ki, bina 18 mərtəbədən və 9 blokdan ibarətdir, təxminən 500 ailə burada yaşayır:

“Məlumata görə, binanı iş adamı Şamil Heydərov tikdirib və binaya komendat da Sahib Rüstəmovu o təyin edib. Bu yaxınlarda binamızın sakini Aydın İsmayıl Şamil Heydərovun köməkçisi ilə görüşüb və bildirilir ki, Şamil müəllimin bu məsələlərdən xəbəri var. Hətta, onların özlərinin də komendantı işdən çıxarmaq niyyətində olduqları deyilir. Buna baxmayaraq, komendant özünü çox arxayın aparır və sakinlərə açıq şəkildə bildirir ki, kimə xoş deyilsə, mənzilini götürüb getsin. Bu, açıq-aşkar özbaşınalıq və dərəbəylikdir. Hazırda bina sakinləri olaraq qrup yaratmışıq və MMC yaratmaq üçün imza toplayırıq. Artıq 80-dən çox imza toplamışıq. Lakin komendant bu prosesə açıq şəkildə mane olur. Sakinlərin əksəriyyəti narazıdır, lakin nədənsə bir çoxu susmağa üstünlük verir”.

Problemlər bununla bitmir. Mənzillərin sahəsində də ciddi uyğunsuzluqlar üzə çıxıb. Alqı-satqı sənədlərində göstərilən kvadratlarla çıxarışdakı rəqəmlər arasında 10-15 kvadratmetr fərq var. Sakinlər vaxtilə qaz və işıq sayğacları üçün də külli miqdarda pul ödədiklərini, lakin buna baxmayaraq hələ də müxtəlif cərimələrlə üzləşdiklərini deyirlər.

Fotoda Sahib Rüstəmov


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az