Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik
Xidməti (ETX) bildirir ki, son günlər bəzi
özəl tədris mərkəzləri tərəfindən ETX-nin adından istifadə olunaraq kursların
keçirilməsi barədə vətəndaşlardan məlumatlar daxil olmaqdadır.
Bu barədə Manset.az-a ETX-dən məlumat verilib.
Müraciətlərdən aydın olur ki, tədris mərkəzi nümayəndələri özlərini
ETX ilə əlaqəli şəxslər kimi təqdim edərək, qurumun statusundan sui-istifadə
hallarına yol verir və vətəndaşlara müxtəlif ödənişli xidmətlər təklif edirlər.
Elektron Təhlükəsizlik Xidməti rəsmi olaraq bildirir ki, ETX hər
hansı özəl təhsil mərkəzi və ya kursla kibertəhlükəsizlik təlimlərinin keçirilməsi
istiqamətində əməkdaşlıq etmir. Qeyd olunan fəaliyyətlərin ETX ilə heç bir təşkilati
və ya hüquqi əlaqəsi mövcud deyil.
ETX-nin fəaliyyət istiqamətləri barədə məlumatlar qurumun rəsmi
internet səhifəsi və sosial media hesabları vasitəsilə paylaşılır.
Vətəndaşlardan xahiş olunur ki, ETX-nin fəaliyyəti ilə bağlı məlumatları
rəsmi mənbələrdən əldə etsinlər və bu kimi hallarla qarşılaşdıqda 1654 qaynar xəttinə
və ya [email protected] elektron poçt ünvanına məlumat versinlər.