“5 barmağında, 5 mərifət” şüarı ilə keçirilən “Woman Bazaar 5 – Dayanıqlı İnkişaf Festivalı” başa çatıb.
Manset.az xəbər verir ki, festival çərçivəsində qadın sahibkarların iqtisadi imkanlarının genişləndirilməsinə yönəlmiş müxtəlif təşəbbüslər həyata keçirilib.
Festival həssas qruplardan olan qadınların sahibkarlıq
fəaliyyətlərini inkişaf etdirmək və iqtisadi müstəqilliklərini gücləndirmək
məqsədini daşıyırdı.
Bu il festivaldan əvvəl fevral ayı boyunca 60 qadın üçün
təlimlər və mentorluq proqramları təşkil olundu. Festivalın iki günü ərzində
isə qadınlar öz brendlərini təqdim edərək məhsullarını satmaq imkanı əldə
etdilər. Bununla yanaşı, müxtəlif guşələr, ustad dərsləri, panel
müzakirələri və musiqi proqramları da festival iştirakçıları üçün təşkil
olundu.
Festival 28 fevral tarixində rəsmi açılış nitqləri ilə
başladı. Açılışda Gender Hub Azerbaijan-ın həmtəsisçisi
və icraçı direktoru Məryəm Məcidova, BMT-nin Azərbaycandakı rezident
əlaqələndiricisi Igor Garafulic, PAŞA Holding-in
Korporativ Sosial Məsuliyyət üzrə Baş Mütəxəssisi Bəyim İbrahimova, KOBİA
İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev, “Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi”nin sədrinin müavini Sədaqət
Qəhrəmanova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzrü
Tamam Cəfərova və “Woman Bazaar” layihə rəhbəri Suada
Əliyeva çıxış etdilər. Açılış nitqlərindən sonra festival
iştirakçısı olan qadın sahibkarlara sertifikatlar təqdim olundu.
1 mart - festivalın ikinci günü ““Qadınların İqtisadi Gücləndirilməsi:
Bərabər Hüquqların Yaradılması və KOB-lar üçün Gender-həssas Marketinqin
İnkişafı” mövzusunda panel müzakirə təşkil
olundu. Müzakirə qadınların əmək bazarında və
sahibkarlıq mühitində qarşılaşdığı çətinlikləri, maliyyə resurslarına və
bazara çıxış imkanlarını, həmçinin gender stereotiplərinin iqtisadi
iştirakçılığa təsirini ön plana çıxaracaq.
Ümumilikdə, festival boyunca 60
qadın sahibkara öz məhsullarını geniş auditoriyaya təqdim etmək imkanı
yaradıldı və qadınların iqtisadi azadlığını gücləndirməyə töhfə
verildi.
Qeyd edək ki, festival PAŞA Holding-in dəstəyi ilə 28 fevral - 1mart tarixlərində Passage 1901-də keçirilən “Woman Bazaar 5 – Dayanıqlı İnkişaf Festivalı” 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunub. Qeyd edək ki, qadınların səlahiyyətləndirilməsi mövzusu PAŞA Holding-in KSM strategiyasında mühüm yer tutur. Bu istiqamətdə PAŞA Holding və onun törəmə şirkətləri müxtəlif layihələr həyata keçirir ki, bura AFAQ layihəsi, Ana Sahibkar, Woman Bazaar layihələri daxildir.